Rusiya-Ukrayna müharibəsi 2026-cı ildə bitəcək?– Ramiz Yunus AÇIQLADI

Təhlil

25.12.2025 10:36

“2025-ci ildə ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq cəhdləri göstərdi ki, bu qarşıdurma artıq ikitərəfli münaqişə deyil və şəxsi diplomatiyanın imkanlarını aşan mürəkkəb geosiyasi düyünə çevrilib”.

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

O qeyd edib ki, sözügedən müharibə bir neçə güc mərkəzinin maraqlarının toqquşduğu çoxşaxəli qarşıdurmaya çevrilib və hər bir tərəf onun nəticəsinə öz strateji məzmununu yükləyir:

“Ukrayna və Rusiya üçün müharibənin məqsədləri faktiki olaraq uzlaşmır. Ukrayna üçün bu savaş suverenliyin, siyasi subyektliyin və gələcəyini müstəqil müəyyən etmək hüququnun qorunmasıdır. Rusiya üçün isə münaqişə strateji təsirin genişləndirilməsi, Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxılması və böyük güc statusunun təsdiqi anlamına gəlir. Bu səbəbdən kompromis tərəflər üçün həll yolu deyil, uzunmüddətli nəticələr doğura biləcək məğlubiyyət kimi qəbul olunur. Münaqişə təkcə Moskva ilə Kiyev arasında qarşıdurma ilə məhdudlaşmır. Avropa müharibənin birbaşa geosiyasi və iqtisadi qonşusu kimi ciddi daxili ziddiyyətlərlə üz-üzədir. Bir tərəfdən sərhədlərin toxunulmazlığının qorunması və qitənin sabitliyi əsas prinsip kimi təqdim olunur, digər tərəfdən isə Avropa İttifaqı daxilində bu qarşıdurmanın hansı qiymət bahasına davam etdirilməli olduğu ilə bağlı ortaq mövqe yoxdur”.

Analitik vurğulayıb ki, Şərqi Avropa ölkələri müharibəni öz təhlükəsizliklərinə birbaşa təhdid kimi dəyərləndirərək Rusiyaya qarşı sərt mövqedə israr edirlər. Qərbi və Cənubi Avropa ölkələrində isə iqtisadi itkilər, enerji qeyri-sabitliyi və sosial gərginlik daha çox ön plana çıxır. Bu daxili parçalanma Avropa həmrəyliyini tam sarsıtmasa da, onun strateji müəyyənliyini və çevik qərarvermə qabiliyyətini xeyli zəiflədir.

Ramiz Yunus ABŞ-nin mövqeyinə də toxunaraq bildirib ki, Vaşinqton müharibəyə daha geniş — qlobal güc balansı prizmasından yanaşır. Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın prosesi sürətləndirmək və ya siyasi kursu dəyişmək istəyi olsa belə, Amerika siyasəti müttəfiqlər qarşısında öhdəliklər, Konqresin mövqeyi və uzunmüddətli çəkindirmə strategiyası ilə məhdudlaşır. Bu səbəbdən sürətli və sadə həll yolları real görünmür.

Professor qeyd edib ki, Çin bu prosesdə xüsusi yer tutur:

“Pekin birbaşa iştirakdan yayınsa da, passiv mövqedə deyil. Çin bu müharibəni strateji müşahidə meydanı kimi qiymətləndirir, Qərb alyanslarının dayanıqlığını, sanksiya mexanizmlərinin effektivliyini, ABŞ və Avropanın birliyini, eləcə də qlobal iqtisadiyyatın uzunmüddətli böhranlara reaksiyasını diqqətlə izləyir. Çin üçün əsas məsələ müharibənin konkret nəticəsi deyil, onun yaratdığı presedentdir. Münaqişənin kompromis, “dondurulmuş” vəziyyət və ya birtərəfli nəticə ilə başa çatması Pekin üçün gələcək qlobal güc balansı baxımından dərs rolunu oynayır. Bu gözləmə strategiyası formal neytrallığı qorumaqla yanaşı, müharibənin tezliklə başa çatması üçün təzyiqi də azaldır”.

Politoloqun fikrincə, 2025-ci ildə diplomatik səylərin qarşısında duran əsas maneələrdən biri tərəflər arasında dərin etimad böhranıdır. Uzun illər davam edən döyüşlər, sanksiyalar və qarşılıqlı ittihamlar fonunda heç bir tərəf əldə ediləcək razılaşmaların uzunmüddətli olacağına inanmır. Bu baxımdan sülh daha çox taktiki fasilə kimi dəyərləndirilir.

Ramiz Yunus hesab edir ki, müharibənin 2026-cı ildə başa çatması ehtimalı var, lakin bu ehtimal məhduddur və bir şəxsdən və ya tək vasitəçidən asılı deyil. Onun sözlərinə görə, proses yalnız bir neçə amilin eyni vaxtda üst-üstə düşməsi halında mümkündür: hərbi və iqtisadi yorğunluq, daxili siyasi dəyişikliklər və ən əsası, bütün tərəflər üçün alçaldıcı olmayan nəticə formulu.

Sonda politoloq bildirib ki, müharibənin davam etməsinin əsas səbəbi onun necə bitməli olduğu barədə ortaq anlayışın olmamasıdır. Kiyevdən və Moskvadan tutmuş Vaşinqtona, Avropa paytaxtlarına və Pekinə qədər hər kəs zamanın öz xeyrinə işləyə biləcəyinə inanır. Bu isə münaqişənin daxili inersiyasını qoruyub saxlayır.

Ramiz Yunus fikrini məşhur italyan mütəfəkkiri Nikollo Makiavellinin sözləri ilə yekunlaşdırıb:

“​Müharibələr istənilən vaxt başlanır, lakin yalnız mümkün olduqda başa çatır”.

Qiymət Mahir

TodayPress TV

tag: Ramiz Yunus,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,