Saakaşvilidən hicab və İran bəyanatı: "Kökünü tamamilə məhv edəcəm!"

Saakaşvilidən hicab və İran bəyanatı: "Kökünü tamamilə məhv edəcəm!"
15.10.2026 22:52 Dünya

"Mən prezidentliyimin əsas nailiyyətlərindən biri kimi gürcü azərbaycanlılarının hüquqi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını hesab edirəm. Mən onlara qarşı həyata keçirilən reketçiliyə son qoydum. Onların həm Gürcüstanda, həm də xaricdə ali təhsil müəssisələrinə daxil olmaları üçün yol açdım. Onlara qarşı iqtisadi və hüquqi ayrı-seçkiliyə son qoydum".

TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, azərbaycanlılara dövlət dili olan gürcü dilini, eləcə də amerikalı müəllimlərin proqramı çərçivəsində ingilis dilini öyrənmək imkanı yaradıb.

“Tarixdə ilk dəfə onların “tatar” adlandırılmasına son qoydum və bu termin bu gün yalnız çox məhdud çevrələrdə işlədilir”, – Saakaşvili vurğulayıb.

Sabiq prezident azərbaycanlılara xüsusi rəğbət bəslədiyini də bildirib:

“Mən bizim azərbaycanlılarımızı xüsusilə sevirəm və “mən” deyə-deyə danışdığıma görə məni qınamayın, çünki bu, məhz mənim şəxsi mövzum və böyük səylərimin nəticəsi idi. Onlar da mənə həmişə yalnız minnətdarlıq və sevgi ilə cavab verirdilər”.

Saakaşvili daha sonra bir vaxtlar fəal olmuş Samira Bayramovaya müraciət edərək Gürcüstanın dünyəvi dövlət olduğunu və bütün dinlərin qorunduğunu qeyd edib.

“Bu ənənə hələ qurucu Davidin dövründən gəlir. O, kilsələrlə yanaşı, məscidlərdə də dua edir və hər kəsi bərabər şəkildə qoruyurdu. Gürcüstanda dini mənsubiyyətə görə ayrı-seçkilik qadağandır.

Mən heç vaxt radikal islamizmi İslamla eyniləşdirməmişəm. İslamizm dünya, o cümlədən bizim üçün çox təhlükəlidir, çünki həqiqətən də terrorizm, zorakılıq və müharibələrlə bağlıdır. Biz İslamı alqışlayırıq, radikal islamçılara isə prezidentliyim dövründə də qarşı çıxmışam və gələcəkdə də həmişə qarşı çıxacağam, onu kökündən tamamilə məhv edəcəyəm. Bu, bütün gürcüləri, o cümlədən gürcü azərbaycanlılarını qorumaq üçün zəruridir", - deyə o yazıb.

Sabiq dövlət başçısı, hicabın İranda zülm alətinə çevrildiyini iddia edib və məktəblilərə hicabın məcburi şəkildə geyindirilməsini ailələr tərəfindən törədilən zorakılıq kimi qiymətləndirib:

“Hicab elə İranda da zülm alətinə çevrilib. İslamın müdafiəçilərinin polis bölməsində işgəncə verərək öldürdüyü gənc qadını xatırlayın. Məktəb şagirdlərinə hicabın məcburi şəkildə geyindirilməsi onların ailələri tərəfindən törədilən zorakılıqdan başqa bir şey deyil. Əgər bunu qanuniləşdirsək, onda hansı maneə qalır ki, hansısa ağlı pozulmuş ailə bunun İslam doktrinasına uyğun olduğunu qərara alarsa, 9 yaşında evliliyi də qanuniləşdirməyək?”.

Saakaşvili, həmçinin İranın son illərdə Gürcüstanda radikal İslamı yaymağa çalışdığını və bu istiqamətdə fəaliyyət göstərən dini və təhsil müəssisələrini maliyyələşdirdiyini iddia edib:

“Bəli, son illərdə İran Gürcüstanda radikal İslamı yaymaq üçün hər cür səy göstərir, bu istiqamətdə fəaliyyət göstərən “dini” və “təhsil” müəssisələrini maliyyələşdirir. Bəli, mən bu maliyyələşmənin qarşısını almaq, həqiqi İslamla heç bir əlaqəsi olmayan bu idarələri susdurmaq və İran agentlərini zərərsizləşdirmək niyyətindəyəm.

Vahid Milli Hərəkat bizim dövlətçiliyimizin əsasını qoyan partiyadır və onun namizədləri heç vaxt İranpərəst, yaxud Zənzibarpərəst olmayıblar. Onlar həmişə Gürcüstan dövlətinin tərəfdarı olublar və belə də qalırlar".

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər