Asiya gözünü Azərbaycana çevirdi - Yeni dünya düzənini Bakı yaradır

Asiya gözünü Azərbaycana çevirdi  - Yeni dünya düzənini Bakı yaradır
15.10.2026 16:15 Təhlil

Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan getdikcə Avrasiya məkanında əsl iqtisadi, nəqliyyat və təhlükəsizlik mərkəzinə çevrilir.

Prezident İlham Əliyevin AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısındakı çıxışı da məhz bu prosesin konturlarını və ölkənin keçdiyi yolu açıq şəkildə ortaya qoydu.


Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın bu mövqeyə gəlməsi təsadüfi deyil: “Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.

Quruma sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ətraf mühit və təhsil sahələrində atılan addımlar isə təşkilatın özünü daha da gücləndirib.

Lakin bu uğura gedən yol heç də hamar olmayıb.

İllər boyunca beynəlxalq səviyyədə mövcud olan ikili standartlar və selektiv yanaşmalar Azərbaycanın suverenliyinə açıq təhdid idi. Prezident İlham Əliyevin xatırlatdığı kimi, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qaldı, ATƏT-in Minsk qrupunun fəaliyyəti isə sadəcə imitasiya xarakteri daşıdı.


Ölkənin 35 ildir bu cür ədalətsizliklərlə üzləşdiyini vurğulayan dövlət başçısı açıq şəkildə bildirdi: “BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.

Beynəlxalq hüququn işləmədiyi bu mühitdə Azərbaycan öz haqqını özü bərpa etməli oldu. 30 il ərzində torpaqlarının 20 faizi işğal olunan, 1 milyon vətəndaşı etnik təmizləməyə məruz qalan ölkə sülh yolu ilə nəticə əldə etməyə çalışsa da, Ermənistan atəşkəsdən yeni hərbi qüvvələr toplamaq və Qərbdən gələn dəstəklə yenidən hücuma keçmək üçün istifadə etdi.

Prezident bu reallığı belə ifadə etdi: “Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər”.

2023-cü ilin sentyabrında bir sutkadan az müddətdə Ermənistanın işğalçı ordusu darmadağın edildi, separatizmə son qoyuldu və ərazi bütövlüyü tam bərpa olundu.


“Bu, mahiyyət və formasına görə "Nürnberq tribunalı"nın analoqu idi. Yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir”, - dövlət başçısı prosesin  mahiyyətini dəqiqliklə xarakterizə etdi.


Azərbaycan qələbədən sonra məğlub tərəfin səviyyəsinə enmədi, əksinə, sülh təklif etdi. Lakin bu sülhün hələ də kövrək olduğu və onun qorunub möhkəmləndirilməsinin vacibliyini Prezident dünya ölkələri liderlərinin diqqətinə çatdırdı. Bu da Ermənistan üçün bir növ çağırış olmalıdır. Prezidentin vurğuladığı kimi: "Sülh kövrəkdir".

O, işğalın və tarixi qələbənin gerçək mahiyyətini dərk etmək istəyənlər üçün Bakıdakı Zəfər Parkı, Zəfər Muzeyi və Hərbi Qənimətlər Parkının əsas ünvanlar olduğunu diqqətə çatdırdı.  


Qeyd edək ki,  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya qitəsində sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş çoxtərəfli beynəlxalq forumdur. Təşkilatın yaradılması təşəbbüsü ilk dəfə 1992-ci ildə BMT Baş Assambleyasında iqtisadi, ekoloji, humanitar və hərbi-siyasi sahələrdə dialoqu təşviq etmək məqsədilə irəli sürülüb.

Qurumun tərkibinə Asiya regionunun aparıcı ölkələri — Azərbaycan, Türkiyə, Çin, Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, Hindistan, İran daxil olmaqla 28 üzv dövlət, həmçinin müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlar daxildir. Bakıda keçirilən zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və yüksəksəviyyəli diplomatik nümayəndə heyətləri iştirak ediblər.

Toplantı bir daha göstərdi ki, Azərbaycan bölgədə söz sahibi olan, sabitliyi və əməkdaşlığı təmin edən əsas güc mərkəzidir.

Jalə Rövşən

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər