"Sabah səhər sərhəd açıla bilər" - Mirzoyanın bu açıqlamasının arxasında NƏ DAYANIR?
Oktyabrın 13-də Varşava Təhlükəsizlik Forumu çərçivəsində Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama verib:
"Biz Türkiyə ilə münasibətləri normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, amma düşünürəm ki, proses artıq xeyli yetkinləşib və sabah səhər oyanıb xəbərlərdə "Ermənistan-Türkiyə sərhədi açıqdır" başlığını görməyimiz tamamilə mümkündür".
Maraqlıdır, bu açıqlama sərhədin açılması ilə bağlı real razılaşmanın yaxınlaşdığını göstərir, yoxsa Ermənistanın Türkiyə ilə münasibətlərdə irəliləyiş görüntüsü yaratmaq cəhdi kimi qiymətləndirilə bilər?
Politoloq Abutalıb Səmədov Mirzoyanın fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib ki, Türkiyə dəfələrlə Ermənistanla sərhədin açılmasının Bakı-İrəvan münasibətlərinin normallaşmasından asılı olduğunu deyib.
Analitikin fikrincə, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün real addımların atılmasına ehtiyac var. Lakin hələlik nə sülh sazişinin yaxın zamanda imzalanmasından, nə də Zəngəzur dəhlizində işlərin bizi qane edən sürətindən danışmaq mümkündür.
"Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişilməli, yaxud yeni konstitusiya qəbul olunmalıdır, amma son parlament seçkiləri bunun qarşısında müəyyən problemlər yaradıb. Zəngəzur dəhlizinin tikintisi daha çox ABŞ-dən asılıdır, lakin bu dəhlizdə işlər də hələlik bizi qane edən sürətlə getmir.
Bundan əlavə, ekspert vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanmasının vacibliyini bəyan edib. Onun sözlərinə görə, Paşinyan Azərbaycanla sülh prosesini özünün hakimiyyətdə olduğu dövrdə başa çatdırmaq niyyətindədir. Ancaq hələ ki sözügedən hökumətin bu istiqamətdə müəyyən irəliləyişə nail olduğunu demək çətindir.
Bu vəziyyətdə Mirzoyanın bəyanatı nəyə əsaslanır?
Siyasi analitik qeyd edib ki, Mirzoyanın bəyanatı Bakı-Ankara münasibətlərindəki müəyyən problemlərə əsaslanır. Lakin bundan əvvəl olduğu kimi, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi bu çətinlikləri qısa müddətdə aradan qaldıracaqlar.
“Bu səbəbdən Mirzoyanın optimizminin əsasında yalnız bir şey dayana bilər. Onlar ümid edirlər ki, Azərbaycan sülh sazişinin imzalanmasını və Zəngəzur dəhlizi ilə bağlı işlərin irəliləməsini gözləmədən sərhədlərin açılmasına razılıq verə bilər. Başqa halda Ermənistan-Türkiyə sərhədlərinin yaxın zamanda açılacağını güman etmirəm”, - deyə A. Səmədov fikrini yekunlaşdırıb.
Aysel Mətləb