AQEM-in 7-ci Zirvə Görüşü keçirildi, İlham Əliyev tədbirdə çıxış etdi

AQEM-in 7-ci Zirvə Görüşü keçirildi, İlham Əliyev tədbirdə çıxış etdi
15.10.2026 20:06 Xarici siyasət

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq elan edərək dedi:

-Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli nümayəndə heyətləri rəhbərləri.

Xanımlar və cənablar.

Sizləri Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə salamlamağa şadam. Dəvətimizi qəbul etdiyiniz üçün hamınıza minnətdarlığımı bildirirəm. AQEM-in dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşünü açıq elan edirəm.

İlk növbədə, biz gündəliyi təsdiq etməliyik. Əgər gündəliklə bağlı hər hansı bir təklif yoxdursa, gündəlik təsdiq olunur.

Gündəlikdə duran məsələlərdən biri Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması haqqında qərardır. Bu, gündəliyimizin üçüncü bəndidir və Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərarı qəbul etməyi təklif edirəm.

Etiraz yoxdursa, Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərar qəbul edildi. Təbrik edirəm.

Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət qismində qəbul olunması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisədir. Bunun məhz Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsini yüksək qiymətləndiririk.

Zati-aliləri Prezident Thonqlun Sisuliti və bütünlükdə hamımızı qəbul edilmiş qərar münasibətilə təbrik edirəm.

Gündəliyin növbəti bəndi nümayəndə heyəti rəhbərlərinin çıxışlarıdır. İcazənizlə, AQEM-in hazırkı sədri qismində birinci mən çıxış edəcəyəm.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli dövlət və hökumət başçıları, xanımlar və cənablar, Azərbaycana xoş gəlmisiniz.

İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik.

Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.

Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.

Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.

Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.

Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir.

Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı.

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi.

Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.

2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi.

2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı.

Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin "Dəmir yumruğu" yenidən öz sözünü dedi.

Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi.

Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur. Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.

Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.

Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı.

Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar.

Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Hörmətli xanımlar və cənablar, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.

Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm.

Diqqətinizə görə sağ olun.

x x x

Görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir etdiklərini dedi:

-Zati-aliləri, mən Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevə səmimi qonaqpərvərliyə və Zirvə Görüşünün mükəmməl təşkilinə görə səmimi minnətdarlığımı ifadə edirəm. Qədim tarixi və müasir yenilikləri əks etdirən ecazkar Bakı şəhərinə yenidən qayıtmaq məndə həqiqətən də məmnunluq hissi oyadır. Prezident Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi çırağı kimi üzə çıxıb - istər söhbət iqtisadiyyatdan, istərsə də beynəlxalq münasibətlərdən getsin. Biz bu təlatümlü və proqnozlaşdırılması çətin olan dünyada dialoq, etimad və hərtərəfli əməkdaşlıq üçün bənzərsiz platforma kimi AQEM-in potensialının möhkəmləndirilməsinə hədəflənmiş Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir edirik. 2022-ci ildə Astanada keçirilmiş 6-cı Zirvə Görüşündə AQEM-ə üzv dövlətlər Müşavirənin tamhüquqlu beynəlxalq təsisata çevrilməsi barədə razılığa gəldilər. Azərbaycanın sədrliyi indi bu missiyanı böyük ləyaqətlə yerinə yetirir və bizim üçün yol bələdçisi kimi AQEM Nizamnaməsinin qəbul edilməsini səbirsizliklə gözləyirik.

Prezident Kasım-Jomart Tokayev bildirdi ki, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə keçən Trans-Xəzər fiber-optik xəttini birgə işə salaraq artıq bu vacib mərhələni qeyd edirlər.

Qazaxıstan Prezidenti dedi: "Bu bənzərsiz rəqəmsal ipək yolu layihəsi Avrasiyada daha sürətli və daha təhlükəsiz məlumatlar ötürülməsini təmin edəcək və bununla da Asiyanın rəqəmsal potensialını gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar açacaq".

Kasım-Jomart Tokayev Ermənistan ilə Azərbaycan arasında hazırkı vəziyyəti müsbət qiymətləndirdiyini bildirərək əlavə etdi: "Biz Azərbaycan və Ermənistan arasında baş tutmuş barışığı alqışlayırıq. Onillərlə davam edən dərin fikir ayrılıqlarından sonra bu yaxınlaşma Şərq və Qərb arasında qapı yaradan yeni imkanlara yol açır".

Qazaxıstan Prezidenti "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsindən də danışaraq bildirdi: "Ötən il Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla Xəzər Yaşıl Enerji Dəhlizinin təməlini qoyublar. Bu dəhliz bizim elektrik enerjisi şəbəkələrimizi birləşdirmək və onları Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırmaq üçün nəzərdə tutulub. Azərbaycanla birlikdə biz Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstan xam neftinin nəqlini artırmağı nəzərdə tuturuq".

Kasım-Jomart Tokayev BMT sistemi çərçivəsində Beynəlxalq Su Təşkilatının təsis edilməsi təklifindən danışaraq bildirdi ki, bu, Mərkəzi Asiya ölkələri və Azərbaycan adından birgə təşəbbüs qismində irəli sürülə və buraya bütün AQEM üzv dövlətləri qoşula bilərlər.

Qazaxıstan Prezidenti Azərbaycana AQEM-ə sədrliyi dövründə uğurlar arzulayaraq vurğuladı: "Qazaxıstan bu şərəfli vəzifəni həyata keçirmək üçün Azərbaycanın sadiqliyini və Prezident İlham Əliyevin şəxsi diqqətini yüksək qiymətləndirir. Biz bu məsələyə olan səmimi bağlılığa köklənməyə hazırıq. Bu gün qəbul etdiyimiz Bakı Bəyannaməsinin qarşıdakı işlər üçün möhkəm təməl kimi xidmət edəcəyinə əminəm. Qazaxıstan bu məsələdə Azərbaycanın yanında möhkəm dayanır. Çox sağ olun".

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndəsinin AQEM-in Baş katibi vəzifəsinə namizədliyini və Azərbaycan tərəfinin bu təşkilatda sədrliyini 2028-ci ilə qədər davam etdirmək niyyətini dəstəklədiyini bildirdi və bu məsuliyyətli missiyanın yerinə yetirilməsində ölkəmizə uğurlar arzu edərək dedi: "Hörmətli İlham Heydər oğlu, hörmətli dövlət başçıları, nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar. Qonaqpərvər Azərbaycan torpağında yenidən olmağa və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünün bütün iştirakçılarını salamlamağa şadam. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə səmimi qəbul və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edirəm. Sizin uğurlu rəhbərliyinizlə Azərbaycanın dinamik inkişafına, dünyada nüfuzunun artmasına və qardaş Azərbaycan xalqının rifahının durmadan yüksəlməsinə ürəkdən sevinirik. Bu, bizdə ölkə rəhbərliyinə dərin hörmət hissləri oyadır. Biz, həmçinin Azərbaycanın sədrliyini yüksək qiymətləndiririk. Bunun sayəsində AQEM təşkilatı çərçivəsində dialoqumuz daha dolğun və faydalı oldu".

Tacikistan Prezidenti Emoməli Rəhmon da tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək dedi: "Zati-aliləri, əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə Görüşün yüksək səviyyədə təşkilinə, çox isti salamlamaya və bizi burada qarşıladığına görə təşəkkürümü bildirirəm".

Qırğızıstan Prezidenti Sadır Japarov da Qırğız Respublikasının Azərbaycana lazımi dəstəyi göstərməyə və ümumi fəaliyyətə öz töhfəsini verməyə hazır olduğunu bildirərək vurğuladı: "Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə Görüşümüzün təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycan tərəfinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyətinin inkişafına verdiyi mühüm töhfəni böyük məmnuniyyətlə qeyd edirəm. Azərbaycan tərəfinin sədrliyinin 2028-ci ilədək davam etdirilməsi təşəbbüsünü alqışlamaq istərdim. Bu, Müşavirənin fəaliyyətində varisliyin qorunmasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə imkan verəcək.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanın sədrliyi dövründə AQEM-i daha da canlandırdığını vurğulayaraq bildirdi: "Təsirli regional tərəfdaşlıq, tolerantlıq, etimad tədbirləri və quruculuğu ilə ahənglik təşkil edən ölkədə - Azərbaycanda bir araya gəlməyimiz çox yerinə düşür. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan sabitlik nümunəsinə çevrilməklə inanılmaz iqtisadi artıma nail olub və regiondakı ölkələrlə sıx əlaqələr qurub. Dünyada gərginliklərin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı bir dövrdə Azərbaycan AQEM-in diqqətini ən vacib məsələlərə yönəldə bilib. Bunlar konstruktiv dialoq, davamlı tərəfdaşlıq və ortaq maraqların axtarışıdır".

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit səmimi qonaqpərvərliyə görə təşəkkür edərək dedi: "Mən Azərbaycan xalqına, Hökumətinə qonaqpərvərliyə və təşkilatçılığa görə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Bu gözəl Bakı şəhərində bizi qəbul etdiyinizə görə çox sağ olun. Bundan başqa, Zati-aliləri cənab İlham Əliyevə AQEM-in 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə səmimi təbriklərimi çatdırmaq istərdim. 2021-ci ildən istifadəyə verilmiş Laos-Çin dəmir yolları Laosu bu fikrin reallaşmasına gətirib çıxarıb. Bu addıma isə sürətli tranzit sərnişindaşımaları və sərhədlərarası yükdaşımalar imkan verib. Gələcəyə baxaraq biz bu əhəmiyyətli dəmir yolu şəbəkəsinin Mərkəzi Asiyaya və daha geniş Avrasiya regionuna, xüsusilə dəhliz olaraq Azərbaycana uzadılmasında əməkdaşlıq etmək istəyirik".

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Zirvə Görüşünün təşkilinə görə təşəkkür edərək bildirdi: "İcazə verin, ilk növbədə, hazırkı tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və konstruktiv iş üçün əlverişli şəraitin yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin nəticələrini yüksək qiymətləndiririk. Bu kontekstdə xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan AQEM-in sədri kimi onun məqsəd və vəzifələrinə qəti sadiqliyini nümayiş etdirərək qarşılıqlı fəaliyyətin inkişafı və etimadın möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində qətiyyət və ardıcıllıq göstərib. Eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə fəal töhfə verib".

Kamboca Krallığının Baş naziri Hun Manet ölkəsinin AQEM-in 7-ci Zirvə Görüşünün Bakı Bəyannaməsinin qəbul edilməsini, əməyin mühafizəsi və səhiyyə sahəsində əməkdaşlığa dair bəyanatı tam dəstəklədiyini vurğulayaraq bildirdi: "Mənim nümayəndə heyətimə göstərdikləri səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, Azərbaycan Hökumətinə və xalqına dərin minnətdarlığımı bildirmək istərdim. Mən Azərbaycanın sədrliyini yüksək qiymətləndirirəm və AQEM-ə sədrliyinin 2026-cı ildən 2028-ci ilədək uzadılması münasibətilə təbriklərimi çatdırıram. Mən, həmçinin bu tədbirin yüksək səviyyədə təşkilinə görə AQEM-in sədrliyini və katibliyini təqdir edirəm. Bakı Bəyannaməsində bir daha öz təsdiqini tapmış prinsiplər, o cümlədən BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, suveren bərabərlik, ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə nizamlanmasına hörmət, bütün bunlar sadəcə bir arzu deyil, sülh və sabitlik üçün zəruri təməldir".

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ölkəsinin Azərbaycanın AQEM-ə sədrliyini çox yüksək qiymətləndirdiyini vurğulayaraq dedi: "İstərdim bir daha xoş və mehriban qonaqpərvərliyə görə Azərbaycan xalqına və Hökumətinə təşəkkürümü ifadə edim. Regionun qarşısında və bütün dünyanın qarşısında duran çağırışların fonunda Azərbaycan dialoqun və əməkdaşlığın inkişafına böyük töhfə verir. Eyni zamanda, bu tədbirin təşkil olunmasına böyük töhfə verib. Fürsətdən istifadə edib Azərbaycanı sədr olaraq bir daha salamlamaq istərdim. AQEM-in 7-ci Zirvə Görüşündə Bakı Bəyannaməsi, Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanat qəbul olunub. Zirvə Görüşünün mövzusu inkişafın praktiki yolunu göstərir, maraqları uzlaşdırmaq üçün bərabər, şəffaf bağlantını təşviq edir. Həmçinin imkanları genişləndirmək üçün inklüziv rəqəmsallaşdırmaya imkan yaradır və ümumi rifaha nail olmaq məqsədilə inkişafın bəhrəsini paylaşır. Bütün bunlar AQEM-in daha da güclənməsinə xidmət edir".

Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko müşavirənin gələcəkdə tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş təşəbbüsü alqışladığını bildirərək dedi: "Hörmətli İlham Heydər oğlu, hörmətli nümayəndə heyətlərinin rəhbərləri. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun adından tədbir iştirakçılarını salamlayıram. Göstərilən qonaqpərvərliyə və tədbirin ən yüksək səviyyədə təşkilinə görə Azərbaycanın rəhbərliyinə təşəkkürümü bildirirəm. Müşavirənin gələcəkdə tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş təşəbbüsü alqışlayırıq. Şübhəsiz ki, bu prosesə Azərbaycanın səmərəli sədrliyi mühüm töhfə verib və sədrliyin növbəti iki il ərzində də davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan bu təklifin həyata keçirilməsində liderliyi öz üzərinə götürüb".

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi də əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edərək dedi: "Azərbaycan ikiillik sədrliyi dövründə iqlim dözümlülüyü, yaşıl enerjiyə keçid istiqamətində uğurlu fəaliyyətlər göstərib. Çin tərəfi də Azərbaycanın sədrliyini davam etdirməsini dəstəkləyir".

x x x

Zirvə Görüşü işini digər çıxışlarla davam etdirib.

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər