Ərbakanın oğlu Türkiyəni biabır etdi - Ermənistanda müsəlman var ki...

Ərbakanın oğlu Türkiyəni biabır etdi - Ermənistanda müsəlman var ki...
15.10.2026 12:54 Təhlil

"Türkiyədə Azərbaycana qarşı “hicab qadağası” mövzusu üzərindən aparılan kampaniya çərçivəsində belə bir iddia ortaya atılıb: “Ermənistan məktəblərində hicab taxmaq sərbəstdir, Azərbaycanda isə qadağandır”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, belə bir fikri sıravi Türkiyə vətəndaşı səsləndirsəydi, bunu ciddi müzakirə mövzusuna çevirməmək olardı. Məsələ burasındadır ki, bu iddianı Türkiyənin siyasi cameəsinin, mediasının və ekspertlərinin nümayəndələri irəli sürürlər:

"Nəhayət, Nəcməddin Ərbakanın oğlu, “Yenidən Rifah” Partiyasının sədri Fatih Ərbakan da bunu ağıllı fikir kimi təqdim etdi: “Bir arkadaşımız araştırıp önüme getirdi, Ermenistan'daki okullarda bile başörtüsü serbesttir”.

Araşdırmasaydılar, onlara “gedin, araşdırın” demək olardı. Ancaq məsələ ondadır ki, araşdırdıqdan sonra da “Ermənistan məktəblərində hicab sərbəstdir” deyirlər. Mərhum İlber Ortaylının Türkiyə cəmiyyətində cahillik kimi səciyyələndirdiyi bəla məhz budur.

Düşünmək olar ki, təbliğat kampaniyası çərçivəsində heç bir sərhəd tanımadan hər cür iddianı tirajlayırlar. Ancaq cahilliyin də bir həddi olmalıdır.

Ermənistanda müsəlman əhali varmı ki, hicab taxmaq azadlığından danışsınlar? Ölkədə, demək olar ki, müsəlman icması olmadığı halda, hicabın qadağan edilməsindən necə söhbət gedə bilər?

Ermənistanda yaşayan sonuncu müsəlman əhali azərbaycanlılar idi. Onların da sonuncuları 1989-cu ilin əvvəlində Amasiyadan qovuldular. Bundan əvvəl isə İrəvanda və digər bölgələrdə yaşayan azərbaycanlı əhali öz yurdlarından qovulmuşdu. 1988–1989-cu illərdə ümumilikdə 250 mindən çox azərbaycanlı doğma torpaqlarından deportasiya edildi. Bu, XX əsrin əvvəlindən başlayan deportasiyaların son mərhələsi idi".

Politoloq xatırladıb ki, Ermənistan azərbaycanlıları öz yurdlarından qovmaqla kifayətlənmədi, eyni zamanda, onların İslam irsini də darmadağın etdi. Ümumilikdə, 500-ə yaxın məscid məhv edildi. Bu gün İrəvanda mövcud olan Göy məscid Ermənistanda İslam irsinin qorunub saxlanmış yeganə nümunəsidir. Lakin bu məscid də İslama hörmət əlaməti olaraq qorunmayıb. Onun toxunulmaz qalmasının arxasında İranla birlikdə Azərbaycanın tarixi irsini saxtalaşdırmaq və “İrəvanda fars irsi” yaratmaq məqsədi dayanır. Məsciddə heç kim ibadət etmir, çünki ölkədə, demək olar ki, müsəlman yoxdur.

"2025-ci ilin statistikasına görə, Ermənistanda qeydiyyata alınmış müsəlmanların sayı min nəfərdən azdır. Onların da əksəriyyəti turistlər, işləmək üçün ölkəyə müvəqqəti gələnlər və səfirlik əməkdaşlarıdır. Ermənistanda nəinki müsəlmanlar, ümumiyyətlə, qeyri-erməni əhali də olduqca azdır. Əhalinin 99 faizini ermənilər təşkil edir, qalan bir faizə isə ölkənin ən böyük etnik azlıqlarından sayılan yezidi kürdlərlə yanaşı, ruslar, gürcülər və ukraynalılar daxildir. Hətta onların da dini etiqad azadlığı praktikada tam təmin olunmur.

Türkiyədəki bəzi siyasətçilərin Ermənistanı Azərbaycana nümunə göstərməsi təkcə qərəzli mövqenin deyil, həm də dərin məlumatsızlığın göstəricisidir. Türkiyəni idarə etməyə və İslam dünyasında xilafət qurmağa iddia edən şəxslərin belə elementar məsələlərdə həqiqətdən bu qədər uzaq düşməsi isə ayrıca suallar doğurur", - deyə Asif Nərimanlı fikirlərini yekunlaşdırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər