Hakan Fidanın qarşılanması niyə gündəm olmalıdır ki?

Hakan Fidanın qarşılanması niyə gündəm olmalıdır ki?
15.10.2026 17:49 Təhlil

Son vaxtlar Türkiyənin bəzi dairələrində qəribə meyl yaranıb. Harada Azərbaycan-Türkiyə mövzusu var, orada mütləq xırda detaldan "problem" uydurmağa çalışırlar.

Əvvəl İsrail Baş nazirinin BMT-dəki çıxışı vaxtı zaldakı mövqe dillərə düşdü. Sonra keçdilər məktəbli geyimlərinə. İndi də təzə mövzu tapılıb: "Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Bakıya gələndə onu aeroportda niyə Gənclər və İdman Naziri Fərid Qayıbov qarşıladı?"

Əvvəla, rəsmi ikitərəfli səfərlərlə böyük beynəlxalq tədbirləri bir-birinə qatmaq olmaz.

Hakan Fidan Bakıya xüsusi olaraq təkbətək görüşlərə deyil, AQEM-in (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Şura) toplantısına gəlib. Yəni həmin gün Bakıya təkcə Türkiyədən deyil, onlarla müxtəlif ölkədən nazirlər və heyətlər uçub gəlirdi.

Azərbaycanın Xarici İşlər Naziri onlarca təyyarənin qonağını tək-tək qarşılamalı idi? Bütün dünyada keçirilən beynəlxalq sammitlərdə belə bir qayda yoxdur. Bu zaman qarşılama işi hökumətin digər üzvlərinə — nazirlərə və ya nazir müavinlərinə həvalə olunur.

Ajiotaj yaradanların gözündən qaçan (və ya görmək istəmədikləri) çox vacib bir detal var: Bakıya gələn digər ölkələrin nazirlərini əsasən nazir müavinləri qarşılayırdı. Hakan Fidanı qarşılamağa isə birbaşa nazir göndərilmişdi. Burada soyuqluq yox, əksinə, Türkiyə heyətinə göstərilən xüsusi diqqət var.

Eyni şeyi Türkiyədə də görürük. Məsələn, Antalyada böyük forum keçiriləndə başqa ölkələrin prezidentlərini və ya nazirlərini aeroportda Antalya Valisi qarşılayır. Bu, həmin ölkələrə hörmətsizlikdir? Əlbəttə ki, yox, tədbirin miqyasından irəli gələn standart protokoldur.

Azərbaycanla Türkiyənin münasibətləri aeroportda kimin kimi qarşılaması ilə ölçüləcək qədər bəsit deyil.  Cənubi Qafqazda sülh prosesi, Zəngəzur dəhlizi, böyük nəqliyyat və enerji məsələləri durarkən, sosial şəbəkələrdə saatlarla "aeroport fotosunu" müzakirə etmək vaxt itkisidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər