Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərdi - Səbəb azərbaycanəsilli repçidir
Rusiyanın Almatıdakı Baş konsulluğu Navai təxəllüsü ilə tanınan azərbaycanəsilli Rusiya repçisi Nəvai Bəkirovun saxlanıldığına görə Qazaxıstanın Xarici İşlər Nazirliyinə nota göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar insidentin təfərrüatlarının aydınlaşdırılmasını və sənətçinin harada saxlanıldığı barədə məlumat verilməsini xahiş ediblər. Baş konsulluqdan bildirilib ki, notanın göndərilməsi yerli hakimiyyət orqanları ilə rəsmi əlaqə vasitəsidir.
“Vəziyyətin aydınlaşdırılması, Rusiya Federasiyası vətəndaşının hazırda harada olduğu, hansı şəraitdə saxlanıldığı və digər məsələlərlə bağlı cavabların verilməsi xahişi ilə nota göndərmişik. Zərurət yaranarsa, onunla konsulluq əlaqəsinin yaradılmasını da xahiş edəcəyik”, – deyə baş konsulluğun məlumatında bildirilib.
Xatırladaq ki, Nəvai iki gün əvvəl Qazaxıstanda “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Buna səbəb onun üzərində narkotik maddə aşkar edilməsi olub.
Aysel Mətləb