Rusiya Polşanı bir günə işğal edə bilərmi?

Rusiya Polşanı bir günə işğal edə bilərmi?
17.09.2026 12:47 Təhlil

Bütövlükdə Rusiya tərəfindən son zamanlar Avropada gedən proseslərə və müharibəyə verilən qiymət bundan ibarətdir. Göründüyü kimi, Ukrayna–Rusiya müharibəsi kontekstində artıq Polşanın müharibəyə qoşulması ssenarisi gündəmə gəlməkdədir.

Şübhəsiz ki, Polşa Ukraynadan sonra daha böyük bir gücdür. Ukrayna ilə müharibədə bu işğal prosesində  gücdən düşmüş və resurslarını xərcləmiş Rusiya, iddia edildiyi kimi, daha güclü Polşanı bir gün ərzində işğal edə bilərmi? Nəzərə alsaq ki, Polşanın tarixdə altı-yeddi dəfə bölüşdürülməsində Rusiya daimi iştirakçı olub. Lakin bugünkü reallıqlar 1939-cu ilin reallıqları ilə eyni deyil: nə Polşa həmin Polşadır, nə də Polşanı sonuncu dəfə bölüşdürmüş Stalin və Hitler mövcuddur.

Polşanın bölüşdürülməsi dünya tarixində və siyasi müzakirələrdə heç vaxt gündəmdən düşməyən bir mövzudur. İndi Rusiya tərəfinin bunu təkrar gündəmə gətirməsi və keçmiş tarixi xatırlatması Polşanın düşüncəsində hansı tarixi illüziyaları tərpədib və nələrə səbəb olub? Bu mövzu olduqca maraqlıdır. Lakin bütövlükdə sualın özü  Rusiyanın Polşanı bir günə işğal edə bilib-bilməyəcəyi  böyük mübahisə predmetidir.

Əvvəla qeyd etmək lazımdır ki, Polşa üçün ən qorxulu "qırmızı xətt" 1939-cu il hadisələridir. O zaman Almaniya qərbdən girərək Polşanı işğal etdi, SSRİ isə şərqdən daxil oldu və birlikdə 35 gün ərzində ölkəni bölüşdürdülər. Həmin vaxt Polşaya eyni anda həm şərqdən, həm də qərbdən hücum edilmişdi. Polşa həm faşist Almaniyasına, həm də Sovet Rusiyasına qarşı eyni vaxtda vuruşmalı idi, lakin bunu reallaşdırmaq qeyri-mümkün oldu. O dövrdə Polşanın üzv ola biləcəyi və onu qoruya biləcək NATO kimi bir qurum da yox idi.

1939-cu ildən müasir dövrümüzə qədər olan tarixi dəyişdirmək də kökündən yanlışdır. Soyuq müharibə dövrünə gəldikdə, məsələn, NATO analitikləri 1970–1980-ci illərdə qeyd edirdilər ki, Varşava Müqaviləsi Təşkilatı Qərbi Almaniyaya hücum edərsə, 72 saata oraya çata bilər. Polşanı isə həmin simvolik hücum ssenarisində dəhliz kimi nəzərdən keçirirdilər. Çünki o dövrdə Polşa Varşava Müqaviləsi Təşkilatının üzvü idi.

Müqayisəli hərbi analizə gəldikdə, "Rusiyanın Polşanı bir günə işğal edə bilərmi?" sualına 2022-ci ildən bəri davam edən Ukrayna müharibəsi təcrübəsi cavab verir. Təkcə Ukraynanın işğal olunması və Rusiyanın qısa müddətdə qalib gəlməsi mümkün olmadı. Rusiya Ukraynanı 3–7 günə, Kiyevi isə 72 saata alacağını proqnozlaşdırırdı, lakin buna nail ola bilmədi. Ukrayna ordusunun dərhal dağılacağı gözlənilsə də, əksinə, Ukrayna mobil və güclü bir ordu qurdu. Qərb sanksiyalarının təsir etməyəcəyi deyilirdi, lakin bu sanksiyalar təsirsiz qalmadı və qismən effektiv oldu.

Polşa ordusunun gücünə baxdıqda isə vəziyyət fərqlidir:

Polşa NATO-nun 5-ci maddəsi ilə qorunur.

ÜDM-nin 4%-dən çoxunu müdafiə xərclərinə yönəldib.

"Abrams", "K2 Black Panther" kimi müasir zirehli texnikalara malikdir.

Aktiv ordunun sayını 300 min nəfərə çatdırmağı hədəfləyir.


Rusiya müxtəlif prosesləri əsas gətirərək NATO-nun "kağız üzərində pələng" olduğunu iddia etsə də, faktlar fərqlidir: 1949-cu ildən bu günə qədər heç bir NATO üzvü ərazisini itirməyib. Çünki NATO ciddi bir çəkindirici gücdür və kimsə onun coğrafiyasına müdaxilə etmək istəmir. 5-ci maddə rəqiblər üzərində güclü psixoloji və strateji təzyiq yaradır. Bundan əlavə, ABŞ, Böyük Britaniya və Fransanın nüvə çətiri mövcuddur; NATO üzvləri əməliyyatları vahid planlar əsasında hazırlayırlar. Hələ 1939-cu ildə belə Polşaya hücum edildikdə Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan etmişdi.

Rusiyanın NATO-ya hücum etməsi və ya Polşanı bir günə alması hansı istiqamətdən baxılırsa-baxılsın, absurddur. Bu, yalnız qlobal nüvə ssenarisində mümkün ola bilər ki, burada da qarşı tərəfdə ən azı nüvə silahına malik üç böyük güc dayanır.

Buna baxmayaraq, informasiya müharibəsi davam edir və "Polşanın bir günə işğalı" tezisi Rusiyanın geosiyasi silahıdır. Buradakı əsas məqsədlər:

Polşanı qorxu və təzyiq altında saxlamaq;

polyaklar arasında "NATO bizi qorumayacaq" şübhəsi yaratmaq və alyansın etibarlılığını sarsıtmaq;

Avropa ictimai rəyinə təsir edərək Ukraynaya verilən dəstəyi zəiflətmək;

Rusiyanın hərbi gücü haqqındakı mifi yenidən canlandırmaqdır.

Buna hibrid müharibə nəzəriyyəsi çərçivəsində "Gerasimov doktrinası" da deyilir. Çox vaxt bu cür psixoloji mesajlar müharibənin şərtlərini dəyişdirməyə və qarşı tərəfdə ciddi risklər yaratmağa xidmət edir.

Coğrafi baxımdan da Polşa 1939-cu ildəki vəziyyətdə deyil; 312 min kvadratkilometr əraziyə malikdir, sürətli tank hücumlarına qarşı güclü müdafiə istehkamları qurub və Varşava başda olmaqla böyük şəhərlər müdafiəyə tam hazırdır. Rusiya Kalininqrad vasitəsilə Polşaya yaxın olsa da, bu həm də Rusiyanın birbaşa NATO ilə sərhəd olması deməkdir. Belarus–Polşa sərhədi isə artıq NATO-nun tam nəzarətindədir.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər