"Kilsəni də, sinaqoqu da, məscidi də eyni yanaşma ilə bərpa edirik" — Komitə sədri
“Əsas istiqamət tarixi abidələrin yalnız daşlarının və yaxud da əvvəlki modelinin bərpa olunması deyil. Birinci növbədə, tarixi yaddaşın bərpa olunmasıdır. İkincisi isə həm də ona yeni mahiyyət verməkdir. Yeni mahiyyət, birinci növbədə, turistik mahiyyət verməkdir”.
TodayPress TV xəbər verir ki, bunu deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
F.Mustafa bildirib ki, tarixi abidələrin bərpası yalnız Azərbaycan cəmiyyətinə və onun dəyərlərinə hörmət ifadə etmək məqsədi daşımır, eyni zamanda Azərbaycanın tanıdılması və bu abidələrin turistik məkan kimi təqdim olunması baxımından da əhəmiyyətlidir.
“Çünki bu abidələri biz bərpa etməklə yalnız Azərbaycan cəmiyyətinə, onun dəyərlərinə hörmət ifadə etmirik, həm də başqalarının Azərbaycanı tanıması, başqalarının da bura bir turistik məkan olaraq bu abidələr üzərindən yanaşmasını təmin etmiş oluruq. Bu, olduqca vacibdir”, - deyə deputat qeyd edib.
O bildirib ki, Azərbaycan dövləti üçün xarakterik yanaşmalardan biri tarixi abidələrin hansı dinə mənsub olmasından asılı olmayaraq bərpa edilməsidir.
“Bizim üçün tarixi abidənin hansı dinə mənsub olmasının artıq hansısa bir əhəmiyyəti yoxdur. Biz bütün tarixi abidələri hansı dinə mənsub olmasına fikir vermədən bərpa edirik. Qarabağı işğaldan azad edəndə bunu etdik”, - deyə F.Mustafa vurğulayıb.
Deputat qeyd edib ki, kilsə, sinaqoq və məscidlərə eyni prinsiplər və insani yanaşma əsasında münasibət göstərilir.
“İstər kilsəni də, sinaqoqu da, məscidi də eyni parametrlər, eyni insani yanaşma, tolerant, multikulturalist bir anlayışla həll etdik”, - deyə o bildirib.
F.Mustafanın sözlərinə görə, bu yanaşma Azərbaycanın dövlət olaraq hansı prinsipləri önə çəkdiyini göstərən əsas xarakterik xüsusiyyətlərdəndir.
O, həmçinin Azərbaycanın tarixi-dini abidələrin qorunmasına yalnız öz ərazisi çərçivəsində yanaşmadığını bildirib.
“Biz yalnız Azərbaycan ərazisində bu məsələni həll etmirik. Avropa məkanında da Heydər Əliyev Fondu vasitəsilə, başqa dövlət qurumları vasitəsilə Vatikanda da, Fransada da biz tarixi-dini abidələrin bərpasına öz töhfəmizi veririk”, - deyə deputat əlavə edib.
Qiymət Mahir