Ramin Məmmədov: Tarixi dini abidənin bərpası prosesin sonu deyil
“Bu gün qarşımızda daha bir vacib sual dayanır: Tarixi dini abidələri bərpa etdikdən sonra onları necə qorumalı və yaşatmalıyıq?”
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
R.Məmmədov bildirib ki, hər abidənin öz tarixi, özünəməxsus mənəvi məzmunu və cəmiyyətdəki yeri nəzərə alınmalıdır.
Onun sözlərinə görə, xüsusilə məscid, ziyarətgah, türbə və digər tarixi məkanlara münasibətdə bu məsələyə daha həssas yanaşmaq tələb olunur:
“Çünki onlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir parçasıdır”.
Komitə sədri qeyd edib ki, tarixi dini abidənin bərpası prosesin sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır.
“Bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac yaranır. Təbii ki, burada ictimaiyyətin dəstəyi də xüsusi əhəmiyyət kəsb edir”, - deyə R.Məmmədov vurğulayıb.
O bildirib ki, Mədəniyyət Nazirliyi tarixi-mədəni irsin öyrənilməsi, mühafizəsi, konservasiyası və bərpası istiqamətində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini icmalar, din xadimləri və ibadət məkanları ilə birbaşa işləyən qurum kimi bu prosesdə mühüm əlaqələndirici imkanlara malikdir.
R.Məmmədovun sözlərinə görə, bu iki istiqamətin uzlaşdırılması tarixi dini abidələrin qorunmasına vahid və davamlı yanaşmanın formalaşmasına imkan verir.
Qiymət Mahir