Ziyarətgahdakı görüntülər etiraz doğurdu – “Əshabi-Kəhf podium deyil”

Ziyarətgahdakı görüntülər etiraz doğurdu – “Əshabi-Kəhf podium deyil”
17.09.2026 11:23 Sosial

Sosial media şəbəkələrində tanınmış bir blogerin Naxçıvanda yerləşən "Əshabi-Kəhf Ziyarətgahı" Müqəddəs Dini-Tarixi Kompleksində çəkdirdiyi kadrlar cəmiyyətdə və xüsusilə də yerli sakinlərdə kəskin narazılıq doğurub.

Blogerin kamera qarşısında verdiyi nümayişkaranə pozlar sosial şəbəkələrdə tənqid edildikdən sonra video platformalardan silinib. Məsələ sosial mediada kadrların bəyənilib-bəyənilməməsindən daha çox, dini və mənəvi dəyərlərə münasibət müstəvisində geniş müzakirələrə yol açıb.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı danışan AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu blogerin davranışlarını tənqid edərək bildirib ki, müqəddəs məkanlara olan münasibətdə məsuliyyət hissi unutmamalıdır:

"Əshabi-Kəhf podium deyil. Bunu anlamaq üçün xüsusi "istedad" lazım deyil. Burada məsələ bir insanın fotosunun bəyənilib-bəyənilməməsi deyil. Məsələ məkanın özünə münasibətdir. Əshabi-Kəhf fotosessiya üçün adi turistik məkan, podium və ya sosial media kontenti naminə istənilən formada davranılacaq dekorasiya deyil. Ora insanların dini inanc, ziyarət və mənəvi bağlılıq hissləri ilə üz tutduğu məkandır. Belə bir yerdə kamera qarşısında nümayişkaranə poz vermək, məkanın xarakterini nəzərə almamaq cəmiyyətdə haqlı irad və narazılıq doğura bilər".

Sosial media istifadəçilərinin və blogerlərin ictimai məsuliyyətinə toxunan alim vurğulayıb ki, izləyici kütləsi qazanmaq mənəvi dəyərləri tapdalamaq hesabına baş verməməlidir:

"Bloger olmaq insana geniş auditoriya qarşısında görünmək imkanı verir, amma bu imkanla yanaşı ictimai məsuliyyət də yaradır. Xüsusilə dini ibadətgahlar, müqəddəs yerlər, qəbiristanlıqlar və tarixi abidələrdə davranış zamanı "nə paylaşım daha çox baxış gətirər?" düşüncəsindən əvvəl "bu məkanın mənəvi və tarixi dəyərinə necə münasibət göstərirəm?" sualı verilməlidir. Dini ibadətgahlar, müqəddəs yerlər, qəbiristanlıqlar və tarixi abidələri nümayiş etdirərkən onların müqəddəsliyini və tarixi mahiyyətini qorumaq mədəniyyət göstəricisidir".

Elyar İslamoğlu həmçinin Əshabi-Kəhf ziyarətgahının dövlət səviyyəsində dəyərləndirilən mühüm bir irs olduğunu xatırladıb:

"Xatırladım ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər