Mədəni irsin qorunması sadəcə dövlət işi deyil — Nazir cəmiyyətə çağırış etdi

Mədəni irsin qorunması sadəcə dövlət işi deyil — Nazir cəmiyyətə çağırış etdi
17.09.2026 10:57 Tədbirlər

“İşğaldan azad olunan ərazilərdə  abidələrimizin bərpası istiqamətində dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çox intensiv tədbirlər həyata keçirilir”.

TodayPress TV xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

A.Kərimli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və dini abidələrin bərpası istiqamətində ciddi işlər görülür.

“Artıq bir çox tarixi-mədəni və dini abidələrimiz bərpa olunmuşdur və bu proses davamlı olaraq həyata keçirilməkdədir”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, postmünaqişə dövrünün yaratdığı digər neqativ hallardan biri də minalanmış ərazilərin tarixi-mədəni irsin, xüsusilə də dini ibadət məkanlarının qorunması baxımından yaratdığı problem və təhdiddir.

A.Kərimli bildirib ki, bu istiqamətdə də koordinasiyalı fəaliyyət həyata keçirilir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irs nümunələrinin siyahıya alınması və bərpası istiqamətində müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər görülür.

Nazir vurğulayıb ki, mədəni irsin qorunması yalnız dövlət qurumlarının işi deyil və bu prosesdə əhalinin, vətəndaşların, vətəndaş cəmiyyəti institutlarının, eləcə də dini icmaların fəal iştirakı vacibdir.

“Çünki mədəni irsimiz bizim milli kimliyimizin, tarixi şüurumuzun, tarixi yaddaşımızın göstəricisidir, ifadəsidir. Onu qorumaq hər birimizin öhdəliyidir, konstitusion öhdəliyimizdir”, - deyə A.Kərimli bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər