Ramin Məmmədov: Dini abidələrin bərpası milli yaddaşa bağlılığın göstəricisidir
“Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
R.Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin bu fikri yalnız ifadə olunduğu dövr üçün müəyyən edilmiş bir vəzifəni deyil, eyni zamanda tarixi və dini irsə münasibətin mühüm fəlsəfəsini ifadə edir.
“Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir”, - deyə Komitə sədri qeyd edib.
Onun sözlərinə görə, hər bir məscid, ziyarətgah, türbə və ya digər tarixi dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət tikili deyil:
“O, xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcısıdır”.
R.Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
O qeyd edib ki, tarixi və mədəni abidələrin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir.
Komitə sədri Azərbaycanda tarixi dini abidələrin bərpası istiqamətində görülən işlərin ölkənin bütün coğrafiyasını əhatə etdiyini bildirib.
Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işləri üçün vəsait ayrılıb.
R.Məmmədov bildirib ki, Pir Həsən ziyarətgahında işlər artıq başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb.
Komitə sədri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən birinin tarixi və dini abidələrin bərpası olduğunu deyib.
“Burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır”, - deyə R.Məmmədov bildirib.
O, bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsində Heydər Əliyev Fondunun layihələrinin xüsusi yer tutduğunu vurğulayıb.
R.Məmmədov qeyd edib ki, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilir.
Qiymət Mahir