Liviya generalının müəmmalı ölümü: Təsadüf, yoxsa sui-qəsd?
Təhlil
24.12.2025 17:13
Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddad Ankara yaxınlığında baş verən təyyarə qəzasında həlak olub. O, qəza baş verməzdən bir neçə saat əvvəl türkiyəli həmkarı general Səlcuq Bayraktaroğlu ilə rəsmi görüş keçirmişdi. Həlak olan general Türkiyə dəstəklidir və Rusiya dəstəkli marşal Xəlifə Xəftara qarşı mübarizə aparırdı.
Maraqlıdır, bu hadisə Türkiyənin Liviyadakı mövqelərini zəiflədə bilərmi?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, bu şəxs Liviyada müharibənin əsas fiqurlarındandır:

"Adətən belə qəzalar təsadüfdən baş vermir. Ola bilsin, indi orada texniki nasazlıq olub, ola bilsin, pilotun səhvi olub. Yəni insan faktoru həmişə rol oynayır və nəzərdən keçirilir. Amma bu adamın tutduğu vəzifə, apardığı mübarizə və mövqeyi sadə, sıradan bir mövqe deyil. Əslində o, Liviyada gedən vətəndaş müharibəsinin əsas fiqurlarından biridir və Xəlifə Haftara qarşı savaşda onun iştirakı həm də qarşı tərəfin müdaxiləsi nəticəsində baş verə bilər".
Onun sözlərinə görə, Liviyada köhnə klan sistemi güclənib:
"Dünyada baş verən belə qəzalar çox vaxt vaxtında araşdırılsa da, həqiqət ortaya çıxmır. Lakin zaman keçdikcə bütün təfərrüatlar aydınlaşır və məlum olur ki, səbəb nə olub və hansı qüvvələr bu prosesə təsir göstərib. Xəlifə Haftar ilə ikinci cəbhədə gedən savaş çox amansızdır. Müəmmar Qəzzafinin ölümündən sonra Liviya demək olar ki, birdəfəlik aramlığını itirib və orada vətəndaş müharibəsi davam edir. Köhnə klan sistemi yenidən öz qüvvəsini bərpa edib. Qəzzafi vaxtilə mərkəzləşmiş hökumət yaratmağa və qəbilələrin rəhbərlərini bir araya gətirib konsensus yaratmağa çalışıb".
Analitik qeyd edib ki, Liviya parçalanma təhlükəsi ilə üz-üzədir:
"Tarixdən gələn ziddiyyətlər hələ də mövcuddur və bəzi məsələlərdə razılığa gəlmək çətindir. Hazırda ölkə parçalanma təhlükəsi ilə üz-üzədir. Regionlar hissə-hissə idarə olunur, yekdil bir qüvvə yoxdur və iddialı qrupların sayı çoxdur. Səhralıq və dənizkənarı zonalarda bəzi regionlar demək olar ki, nizamsızdır. Problemin bir hissəsi ondadır ki, xeyli sayda silah əllərdədir, yerli komandirlər insanlara meydan oxuyur və savaşda iştirak edən əsas siyasi qüvvələrin münasibətlərinə kiçik qruplar təsir göstərə bilir".
Tofiq Abbasov sonda əlavə edib ki, bəzi ölkələr milli konsensusun yaranmasına mane olur, bu isə Liviya və bölgədə sabitliyi pozur:
"Liviyaya marağı olan bir neçə ölkə milli konsensusun yaranmasına mane olmağa çalışır. Bunlar Fransadır, İtaliyadır, Rusiya və Türkiyədir. Lakin heç bir tərəf konkret məzmunlu təklif irəli sürmür. Bu isə göstərir ki, milli konsensusun əldə olunması həm problematikdir, həm də ayrı-ayrı qrupların öz korporativ maraqlarını təmin etmək istəyi var. Bu vəziyyət sabitliyi artırmır, əksinə, qeyri-sabitliyi gücləndirir. Nəticədə bölgələrdə, xüsusilə Yaxın Şərq, Orta Şərq və Məğribdə köklü dəyişikliklər baş verməlidir ki, insanlar bir qədər rahat nəfəs alsın, bir-birini eşidə bilsin. Əks halda milli konsensus uğrunda mübarizə heç vaxt nəticə verməyəcək".
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Liviya,General,Ölüm,Todaypress.tv,
