Kim Çen In qəzəbləndi: "Təhlükəsizliyimiz təhdid altındadır"

Təhlil

25.12.2025 15:23

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın ABŞ ilə birlikdə nüvə enerjili sualtı qayıq tikmək planını kəskin tənqid edib. O, bu təşəbbüsü Koreya yarımadasında qeyri-sabitliyi artıran, Şimali Koreyanın təhlükəsizliyi və dəniz suverenliyi üçün ciddi təhdid adlandırıb. Açıqlama Kim Çen Inin Şimali Koreyanın strateji raketlərlə silahlanacaq nüvə sualtı qayığının tikinti sahəsinə baxışı zamanı səsləndirilib.


Sual yaranır, Şimali Koreya Cənubi Koreyaya hücum edə bilərmi ? Bəs Rusiya və Çin ona bu savaşda dəstək göstərə bilərmi ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Şimali Koreya bölgədə, xüsusilə Cənubi Koreya və Yaponiya üçün əsas nüvə təhdididir:


"Şimali Koreyanın nüvə dövləti olduğunu bilirik. Bu, region dövlətləri, xüsusən Cənubi Koreya və Yaponiya üçün ciddi təhdid mənbəyidir. Eyni zamanda, bəzi hallarda Rusiyanın və Çinin təsir mexanizmi də bölgə dövlətləri üçün rol oynayır. Yəni, Şimali Koreyanın nüvə və raket sınaqlarını bəzən Çin və Rusiya tərəfindən yaradılan təhdid kimi də dəyərləndirmək olar. Bütövlükdə, bölgə üçün hələlik ən ciddi təhdid mənbələrindən biri Şimali Koreyadır".

Analitik qeyd edib ki, Cənubi Koreya silahlanaraq müdafiəsini gücləndirir:

"Bu baxımdan, Cənubi Koreyanın atdığı addımlar müdafiə xarakterli və ya güc balansını tənzimləyən addımlar kimi qiymətləndirilə bilər. Cənubi Koreyanın nüvə enerjili sualtı qayıqlar tikməsi onun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və tamamilə haqlıdır. Əslində, dünyada hazırkı trend belədir ki, dövlətlər ciddi şəkildə silahlanırlar, çünki İkinci Dünya Müharibəsindən sonra formalaşan təhlükəsizlik arxitekturası zəifləyib və dövlətlər öz təhlükəsizliyini təmin etməyə məcburdur. Orta və kiçik dövlətlər üçün isə bu, xüsusilə vacibdir".

Onun sözlərinə görə, bu baxımdan, Şimali Koreyanın Cənubi Koreyaya iradları əsassızdır. Şimali Koreya silahlanırsa və nüvə proqramını dayandırmırsa, Cənubi Koreyanın da silahlanmamasını gözləməyə heç bir əsas yoxdur.

Ekspert qeyd edib ki, Şimali Koreyanın hücumu mümkündür:


"Şimali Koreyanın cənuba hücum ehtimalı isə mümkündür. Zaman-zaman şimal və cənub arasında gərginliklər yaşanır, amma indiyə qədər bu gərginliklər müharibəyə səbəb olacaq qədər ciddi deyil. Lakin yeni dünya düzənində hər şey mümkündür. Belə bir qarşıdurma baş verərsə, Rusiya və Çin Şimali Koreyanı, ABŞ və Yaponiya isə Cənubi Koreyanı dəstəkləyəcək. Hazırkı geopolitik vəziyyət və güc balansları bunu göstərir".

Ə.Mustafa sonda əlavə edib ki, Cənubi Koreyanın müasir silahlar, sualtı qayıqlar və raket sistemləri ilə silahlanması onun müdafiəsini gücləndirir və Şimali Koreyanın hücum ehtimalını azaldır. Bu, “müharibə istəmirsənsə, müharibəyə hazır ol” prinsipinə uyğun olaraq, həm müdafiə, həm də qorunma məqsədi daşıyır. Yeni dünya düzənində isə hər iki tərəfin silahlanaraq qarşıdurmaya hazırlaşması gözləniləndir.

Jalə Rövşən

TodayPress TV

tag: Əli Mustafa,Politoloq,Şimali Koreya,Kim Çen In,Todaypress.tv,