“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” – Deputat
Azərbaycan hər zaman işğaldan azad edilən torpaqlarında sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunmasında maraqlıdır. Lakin Cənubi Qafqazda əsl və dayanıqlı sülhün təmin edilməsi yalnız siyasi razılaşmalarla bitmir. Bu, həm də illərdir taleyi naməlum qalan itkinlərimizin aqibətinin aydınlaşdırılmasını və qarşı tərəfin üzərinə düşən mənəvi-siyasi məsuliyyəti dərk etməsini tələb edir.
Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ındakı müraciəti fonunda Milli Məclisin deputatı Tahir Rzayev TodayPress TV-yə məsələnin sərt reallıqlarını və Ermənistan qarşısında qoyulan tələbləri açıqlayıb.
Deputat vurğulayıb ki, hərbi əməliyyatların başa çatmasına və torpaqlarımızın azad olunmasına baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyi ölkə rəhbərliyinin diqqət mərkəzindən bir an olsun belə düşmür:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin itkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarına ünvanladığı müraciət itkin düşmüş şəxslərin, müharibədə həlak olanların və sağlamlığını itirən insanların şəxsiyyətinə göstərilən böyük hörmət və ehtiramın ifadəsidir. Müharibənin başa çatmasına baxmayaraq, itkin düşmüş şəxslərin taleyi dəfələrlə ölkə rəhbəri tərəfindən səsləndirilib və bu sahədə beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırılıb. Cənab İlham Əliyevin müraciətində də bu məsələ bir daha öz aydın əksini tapır".
Millət vəkili bildirib ki, Bakı Dialoqu humanitar fəlakətin nəticələrinin aradan qaldırılmasına xidmət edir:
"Müraciətdə bildirilir ki, münaqişənin başa çatmasına baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Elə Bakı Dialoqu da məhz bu vacib məsələdən qaynaqlanır. Çünki Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar edilməsi üçün bir çox məsələlərə aydınlıq gətirilməli və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".
Parlamentari əlavə edib ki, regionda etimad mühitinin yaranması üçün İrəvan hakimiyyəti taleyi naməlum olan şəxslərin aqibəti barədə dürüst və dəqiq məlumatları ölkəmizə təqdim etməlidir:
"Bu baxımdan, itkin düşmüş insanların və ya taleyi məlum olmayan şəxslərin aqibəti barədə lazımi və dəqiq məlumatlar verilməli, onların taleyinin müəyyənləşdirilməsi üçün məsuliyyət tələb olunmalıdır. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər diqqətəlayiqdir. Ölkəmizin başçısı hər bir çıxışında, hər bir tədbirdə və beynəlxalq forumlarda xalqımızın milli mövqeyindən çıxış edərək Vətən uğrunda canından keçən, fiziki sağlamlığını itirən insanların şücaəti və qəhrəmanlıqları haqqında bəyanatlar verir, həmin insanlara öz ehtiramını ifadə edir".
Sonda Tahir Rzayev qeyd edib ki, Azərbaycan dövləti itkin düşən hər bir vətəndaşının hüquqlarının bərpası və taleyinin aydınlaşdırılması istiqamətində qətiyyətli siyasətini davam etdirəcək:
"Müraciətdə bildirilir ki, taleyi məlum olmayan şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bakıda keçirilən Bakı Dialoqu bu baxımdan çox vacib və əhəmiyyətli platformadır. Qarşıya qoyulan vəzifələr deməyə əsas verir ki, itkin düşmüş bütün şəxslərin taleyi müəyyənləşdiriləcək və onların aqibəti haqqında ətraflı məlumat veriləcəkdir. Bu, sözsüz ki, Ermənistan rəhbərliyinə ünvanlanan ciddi bir tələbdir. Bu məsələlərin həlli isə regionda sülhün, əmin-amanlığın və əməkdaşlığın təmin edilməsi, eyni zamanda, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin bərqərar olunması baxımından olduqca vacibdir", - deyə Tahir Rzayev bildirib.
Türkan İsgəndərli