İtaliya Azəərbaycan bazarında nə AXTARIR...
İtaliya Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər.
TodayPress TV xəbər verir ki, bunu İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, kritik xammal sahəsində birgə fəaliyyət sənaye ölkələri olan Azərbaycan və İtaliyanın rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Antonio Tayani gələn ilin əvvəlində iki ölkə arasında hökumətlərarası növbəti görüşün keçirilməsinə ümid etdiyini bildirib.
Nazir Azərbaycanın İtaliyaya investisiyalarını da yüksək qiymətləndirib. O, xüsusilə SOCAR-ın İtaliyanın “Italiana Petroli” (IP) şirkətini əldə etməsini qeyd edərək, Azərbaycan şirkətlərinin İtaliya iqtisadiyyatına yatırımlarını əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib.
Tayani İtaliya şirkətlərinin də Azərbaycanda müxtəlif sahələrə investisiya yatırmaqda və ölkə bazarında təmsil olunmaqda maraqlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan İtaliya üçün xüsusi əhəmiyyət daşıyan bazarlardan biridir. İtaliya ixrac bazarlarını şaxələndirməyə çalışır və Azərbaycan bu strategiyada mühüm yer tutur.
Nazir bildirib ki, ixrac İtaliyanın ümumi daxili məhsulunun təxminən 40 faizini təşkil edir. O, İtaliyanı dünyanın dördüncü ən böyük ixracatçısı və Avropanın ikinci sənaye gücü kimi xarakterizə edib.
Qiymət Mahir