Qalib meydanda bəlli oldu, amma çempionluğun taleyi açıqdır!
İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarını noyabrın 24-də açıqlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” nəşri “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, turnirin final qarşılaşması 2026-cı il yanvarın 18-də Seneqal və Mərakeş yığmaları arasında keçirilib. Görüşdə əsas vaxtda qalib müəyyənləşməyib.
Matçın 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeş millisinin xeyrinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra komandanın kapitanı Sadio Mane komanda yoldaşlarını meydana qayıtmağa razı salıb.
90+23-cü dəqiqədə Mərakeş yığmasının futbolçusu Brahim Dias penalti zərbəsindən yararlana bilməyib. O, “Panenka” üslubunda vurduğu zərbəni qapıçı Eduar Mendinin üzərinə göndərib.
Əlavə vaxtda Pap Qeye Seneqal millisinin yeganə qolunu vurub. Beləliklə, qarşılaşma Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin mart ayında Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqala 0:3 hesablı texniki məğlubiyyət verib və çempionluq titulunu Mərakeşə təqdim edib. İndi isə CAS-ın açıqlayacağı qərar turnirin qalibi ilə bağlı mübahisəyə aydınlıq gətirəcək.
Namiq HUN