İran ABŞ sanksiyalarına yeni yolla meydan oxuyur: Əfqanıstanla ticarət artdı
İran ABŞ-nin dəniz blokadası və sanksiyalarına baxmayaraq, Əfqanıstanla quru ticarətini genişləndirir. İki ölkə arasındakı əsas ticarət marşrutlarından biri olan Doğarun sərhəd-keçid məntəqəsində ixrac göstəriciləri əhəmiyyətli dərəcədə artıb.
TodayPress TV xəbər verir ki, cari ildə Doğarun keçidi vasitəsilə Əfqanıstana 745,7 min ton yük göndərilib.
Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32 faiz çoxdur. İxracın ümumi dəyəri isə təxminən 250 milyon dollar təşkil edib ki, bu da 10 faizlik artım deməkdir.
Doğarun keçidi İranın Əfqanıstana ixracının 60 faizdən çoxunu təmin edir. Marşrut Əfqanıstanın İslamqala sərhəd-keçid məntəqəsi və Herat şəhəri ilə birbaşa əlaqə yaradır.
Məlumata görə, keçid vasitəsilə əsasən polad, dəmir, neft-kimya məhsulları, sement və müxtəlif neft məhsulları ixrac olunur. İran sərhəddə fasiləsiz fəaliyyət sisteminin qurulmasını və azad ticarət zonasının yaradılmasını da planlaşdırır.
İran və Əfqanıstan arasında ümumi ticarət dövriyyəsi təxminən 4 milyard dollara çatıb. Tehran bu göstəricini 10 milyard dollara yüksəltməyi hədəfləyir.
İranın Əfqanıstandakı ticarət imkanlarını genişləndirməsi ABŞ sanksiyaları fonunda diqqət çəkir. Belə ki, quru nəqliyyat marşrutları İranın qonşu ölkələrlə iqtisadi əlaqələrini davam etdirməsinə imkan yaradır.
Bununla belə, Doğarun keçidində ixracın artması ABŞ-nin dəniz məhdudiyyətlərinin tamamilə təsirsiz qaldığını və ya İranın neft ixracına təsir etmədiyini göstərmir. Söhbət konkret olaraq Əfqanıstana qeyri-neft məhsullarının ixracından gedir.
Məlumatlara görə, İranın əsas məqsədlərindən biri regional ticarət əlaqələrini gücləndirməklə Qərb bazarlarından asılılığı azaltmaqdır.
Türkan İsgəndərli