Tramp məğlubiyyəti gözləmirdi - Türkiyəli ekspert
ABŞ-də Respublikaçılar heç kimin gözləmədiyi bir məğlubiyyətlə üzləşdi.
Bu fikirləri beynəlxalq münasibətlər üzrə ekspert Damla Taşkın TodayPress TV-yə danışarkən bildirib.

O vurğulayıb ki, Konqres iki palatadan – Nümayəndələr Palatası və Senatdan ibarətdir. Nümayəndələr Palatasının demokratların nəzarətinə keçəcəyi gözlənilsə də, Senatda da üstünlüyü onların əldə edəcəyi ehtimalı yüksək qiymətləndirilmirdi. Lakin son nəticələr demokratların 54-44 səs üstünlüyü ilə Senatda da çoxluq qazandığını göstərir.
Maraqlıdır, bunlar nəyi dəyişir?
“Bildiyiniz kimi, Donald Trampın geniş səlahiyyətləri var idi. Onun veto hüququ hələ də qüvvədədir. Lakin artıq Konqresdə nə qanun qəbul edə, nə qanun layihəsi irəli sürə, nə büdcə formalaşdıra, nə də davam edən razılaşmalar üçün ayrıca büdcə ayıraraq onları davam etdirə biləcək. Bununla yanaşı, hakim və nazir təyin edə bilməyəcək. Yəni, belə demək mümkündürsə, əlləri-qolları bağlanıb və əslində, termində də yer alan “axsaq ördək” vəziyyətinə düşüb. Bu isə mövcud müharibələrdə və ya davam edən münaqişələrdə ABŞ-nin Respublikaçı çoxluğunun üstünlüyünün azalacağı mənasına gəlir”, - deyə eskpert qeyd edib.
Damla Taşkın diqqətə çatdırıb ki, illərdir Respublikaçıların və Trampın qalası hesab olunan Texas ştatı ilk dəfə demokratların nəzarətinə keçib. Həmçinin, ilk dəfə Miçiqanda müsəlman senator Konqresə seçilib:
“Bütün bunlara nəzər saldıqda Donald Trampın, eyni zamanda, Respublikaçıların çox ciddi məğlubiyyətə uğradığını və bundan sonrakı prosesdə də bu vəziyyətin tədricən daha da dərinləşə biləcəyini görürük. Təbii ki, bunlardan biri və ən böyüyü impiçment prosesinin başlanması ehtimalıdır. Əgər impiçment prosesi başladılarsa, hazırda üstünlük demokratlarda olduğu üçün böyük ehtimalla bu təklif irəli sürüləcək. Trampın impiçment prosesi ilə bağlı araşdırma da aparıla bilər. Bu, mövcud İran müharibəsi ilə bağlı yeni qərarların qəbul edilməsinə də səbəb ola bilər”.
Analitikin sözlərinə görə, Tramp və Respublikaçılar üçün çox böyük sınaq başlayıb. ABŞ-də iki siyasi qüvvə arasında qarşıdurmanın şahidi ola bilərik. Görünən odur ki, bundan sonra Amerikanın daxili siyasi problemləri beynəlxalq gündəmdə daha çox müzakirə olunacaq. Təbii ki, bu qarşıdurmanın beynəlxalq müstəviyə təsirləri də regionumuza təsirsiz ötüşməyəcək.
Bəs bu siyasi dəyişikliklər Türkiyə-ABŞ münasibətlərinə necə təsir göstərəcək?
“Tramp Ankarada keçirilən NATO sammitinə gəldiyi zaman F-35 və CAATSA məsələsində artıq Türkiyəyə mühüm güzəşt edə biləcəyini, bu istiqamətdə prosesə başlaya biləcəyini bildirmişdi. Bu, təbii ki, bizim üçün ümidverici açıqlama idi. Lakin bir məqamı xatırlatmaq lazımdır: Bu proses 2017-ci ildə, yəni Trampın ilk prezidentliyi dövründə başlamışdı, Co Baydenin prezidentliyi dövründə də davam etmişdi. Halbuki Bayden demokrat idi.
Demokratlar hakimiyyətə gəldikdən sonra bu qərarın dəyişib-dəyişməyəcəyi məsələsinə gəlincə, bunu bir qədər sorğulamalıyıq. Çünki bu qərardan imtina etmək mümkün olsaydı, Bayden də bunu edə bilərdi. Bu səbəbdən sözügedən məsələdə çox ciddi irəliləyiş əldə olunacağını düşünmürəm”, - deyə o bildirib.
Ekspertin fikrincə, bununla belə, müəyyən ümidlər də var. Belə ki, ilk müsəlman senator Abdullah Sayedin mövcudluğu Türkiyə ilə münasibətlərin, eləcə də Yaxın Şərq və digər müsəlman ölkələri ilə əlaqələrin inkişafına töhfə verə bilər.
Aysel Mətləb