Bir ovuc qoz-fındığın orqanizmə təsiri: Mütəxəssislərdən tövsiyə
Qoz-fındıq ürək-damar sisteminin sağlamlığını qorumağa kömək edən faydalı qidalardandır. Lakin yüksək kalorili olduqları üçün onların gündəlik istehlak miqdarı da önəmlidir.
TodayPress TV xəbər verir ki, “750g.com” portalının məlumatına görə, dietoloqlar gündə 20-30 qram qoz-fındıq yeməyi tövsiyə edirlər. Bu miqdar təxminən bir ovuca sığan kiçik porsiyaya bərabərdir.
Bu, təxminən 3-4 bütöv ləpə qoz və ya 15-20 ədəd fındıq deməkdir. Belə porsiyanın enerji dəyəri təxminən 160-180 kilokaloridir.
London İmperial Kollecinin tədqiqatçılarına istinadən bildirilir ki, gündəlik 28 qram qoz-fındıq istehlakı ürəyin işemik xəstəliyi və digər ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.
Qoz və fındığın faydaları
Qoz orqanizm üçün vacib olan Omeqa-3 yağ turşularının bitki mənşəli forması – alfa-linolen turşusu ilə zəngindir. Bu maddə hüceyrə membranlarının normal fəaliyyətini dəstəkləyir və damarlarla bağlı iltihabi proseslərin azalmasına kömək edə bilər.
Fındıq isə E vitamini, olein turşusu, maqnezium, sink, manqan və mislə zəngindir. Bu maddələr hüceyrələrin oksidləşdirici zədələnmədən qorunmasında, bağırsaq sağlamlığında və kollagen sintezində iştirak edir.
Qoz-fındığı necə istehlak etmək lazımdır?
Mütəxəssislər yüksək temperaturda qovrulmamış, duzsuz və şəkərsiz qoz-fındığa üstünlük verməyi məsləhət görürlər.
Onları səhər yeməyində yulaf sıyığına, qatığa və ya kəsmiyə əlavə etmək, naharda salatlarla birlikdə istehlak etmək mümkündür. Ara yemək kimi də bir ovuc qoz-fındıq seçilə bilər.
Qeyd edək ki, gündəlik porsiya fərdi enerji ehtiyacından və ümumi qidalanma rejimindən asılı olaraq dəyişə bilər.
Kübra Musayeva