Ermənilərin sevimli ərəbi ABŞ-da seçkiləri uddu - Azərbaycana qarşı çıxdı

Ermənilərin sevimli ərəbi ABŞ-da seçkiləri uddu -  Azərbaycana qarşı  çıxdı
05.11.2026 10:42 Təhlil

Miçiqanda yəhudi seçicilərin təxminən 60 faizinin mütərəqqi müsəlman namizəd Abdul El-Sayed kimi sərt anti-müharibə və Netanyahunu hərbi cinayətlərdə ittiham edən fiqurlara səs verməsi böyük sürpriz yaşadıb.

Görünür ki, ABŞ daxili siyasətində, xüsusən də Demokratlar Partiyasının daxili təkamülündə fundamental bir dönüş nöqtəsi yaşanır.

ABŞ-də xüsusilə gənc və sol meyilli liberal kəsim üçün etnik və ya dini mənsubiyyət arxa plana keçib,  insan haqları, beynəlxalq humanitar hüquq və mütərəqqi dəyərlər əsas siyasi meyardır.

Lakin bu ideoloji dəyişikliyin Bakı prizmasından görünən tərəfi tamam başqadır. Çünki Abdul El-Sayed, İlhan Omar, Rəşidə Tlaib və Berni Sanders kimi sol-mütərəqqi xətt təmsilçilərinin formalaşdırdığı bu "yeni dalğa" Fələstin məsələsində insan haqlarını bayraq etdiyi kimi, Cənubi Qafqaz mövzusunda da məhz erməni lobbisinin qondarma "insan haqları və etnik təmizləmə" tezislərinin ən radikal müdafiəçilərinə çevrilirlər.

Bu gün ABŞ Demokratlar Partiyasının tərəqqipərvər və liberal qanadının Bakıya baxışını formalaşdıran əsas arqumentlər və faktlar bunlardır:

İsrail–Azərbaycan strateji tərəfdaşlığı bu kəsim tərəfindən birbaşa hədəfə alınır. Demokratların sol qanadı Netanyahunun ifrat sağçı kabinetini və İsrail hərbi maşınını sərt tənqid edir. Azərbaycanın isə İsraillə yüksək səviyyəli hərbi-texniki, kəşfiyyat və enerji əməkdaşlığı yürütməsi – xüsusilə İsrailin xam neft idxalının 40 faizdən çoxunun məhz Bakı-Tbilisi-Ceyhan xətti ilə təmin edilməsi və Azərbaycan ordusunun müasir İsrail PUA-ları və raket sistemləri ("Harop", "Barak-8", "LORA") ilə təchiz olunması – bu dairələrin gözündə Bakını "Netanyahu rejiminin tərəfdaşı" kimi damğalayır.

Erməni lobbisi ilə ideoloji ittifaq mexanizmi işə düşür. Amerika Erməniləri Milli Komitəsi (ANCA) və Erməni Assambleyası uzun illərdir Miçiqan, Kaliforniya və Nyu-York kimi güclü sol və liberal əhval-ruhiyyəli ştatlarda öz təbliğatlarını məhz bu cür mütərəqqi siyasətçilər üzərindən qururlar. Onlar Qarabağ məsələsini Qərb ictimaiyyətinə geosiyasi münaqişə kimi deyil, Qəzzadakı hadisələrə bənzər "məzlum xalqın hüquqlarının pozulması" kimi sırımağa çalışırlar. Məhz bu ideoloji manipulyasiyanın nəticəsidir ki, Konqresdə Azərbaycana qarşı 907-ci düzəlişin sərtləşdirilməsini, hərbi yardımların tam kəsilməsini və rəsmi şəxslərə qarşı sanksiyaların tətbiqini tələb edənlərin ön cərgəsində bu mütərəqqi demokratlar dayanır.

"Dəyərlər diplomatiyası" real siyasətə qalib gəlir. Respublikaçılar administrasiyası məsələlərə daha çox praqmatik maraqlar, xammal-enerji təhlükəsizliyi və İranı cənubdan və şimaldan sıxışdırmaq prizmasından baxırsa, Demokratların bu kəsimi beynəlxalq münasibətləri sırf "avtoritarizm və demokratiya mübarizəsi" şablonuna salır. Onlar Azərbaycanın regionda yaratdığı yeni reallığı, Ermənistanın 30 illik işğalını və 1 milyon azərbaycanlının pozulmuş hüquqlarını tamamilə kənara qoyaraq, Bakını davamlı olaraq bəzi məsələlərində ittiham edirlər.

Bu dinamika onu göstərir ki, Vaşinqtonda Demokratlar Partiyası hakimiyyətdə olduğu və xüsusilə sol-liberal qanad partiyanın xarici siyasət gündəmini diktə etdiyi müddətcə, rəsmi Bakı ilə münasibətlərdə soyuq küləklər əsməyə davam edəcək. Ağ Evdən və Konqresdən Azərbaycana qarşı gələn təzyiqlər – sanksiya təşəbbüsləri, hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlər və Ermənistana açıq siyasi hamilik – səngiməyəcək.

Lakin bu vəziyyət Azərbaycanın geri addım atması demək deyil. Əksinə, Bakı bu ikili standartlar mühitində ABŞ daxilindəki digər güc mərkəzləri, praqmatik respublikaçılar və neft-enerji lobbiləri ilə işi gücləndirməli, həmçinin İsrail və Türkiyə ilə formalaşdırdığı regional ittifaqın Vaşinqton üçün alternativsiz olduğunu strateji soyuqqanlıqla sübut etməlidir.


İsmayıl Şahlı

TodayPress TV

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər