Əlbir olub bir ayı, bir şir ilə... - Dünyanı bölüşdürmək alınacaq?
ABŞ, Rusiya və Çin arasında mövcud fikir ayrılıqları üç ölkənin liderlərinə vahid oyun qaydaları müəyyənləşdirməyə imkan vermir. Bir görüşlə dünya nizamını dəyişmək və yeni “Yalta razılaşması” əldə etmək mümkün deyil.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, rusiyalı ekspertlər qarşıdakı görüşü “ikinci Yalta” kimi təqdim etməyə çalışırlar. Lakin 1945-ci ildə keçirilən Yalta konfransı ilə indiki geosiyasi şərait arasında ciddi fərqlər var:
“İkinci Dünya müharibəsinin sonuna yaxın ABŞ, Böyük Britaniya və keçmiş SSRİ liderləri Yaltada razılaşma əldə etdilər. Çünki birincisi, hər üçü nasist Almaniyasına qarşı müharibədə ittifaq yaratmışdı, ikincisi, dağılan Avropanın gələcəyini müəyyənləşdirməli idilər. 1945-ci ildə Yaltada keçirilən konfransdan fərqli olaraq, hazırda ABŞ, Rusiya və Çin arasında ittifaq yoxdur. Üstəlik, bu dövlətlər illərdir öz aralarında oyun qaydalarını müəyyənləşdirə bilmirlər. Bir görüşlə oyun qaydalarını müəyyənləşdirmək mümkün deyil”.
Politoloqun sözlərinə görə, üç liderin Çində razılaşma əldə etməsini çətinləşdirən digər amil hər üç ölkənin daxili problemlərlə üzləşməsidir:
“ABŞ-da Konqresə keçirilən ara seçkilərin nəticələrinə görə Prezident Donald Trampın mövqeyi zəifləyib, onun xarici siyasətdə əvvəlki manevr imkanları qalmayıb. Görüş ərəfəsində Ukraynanın Krım körpüsünə endirdiyi dron və raket zərbəsi Vladimir Putinin ölkədaxili nüfuzuna xələl yetirib. Çünki Krım körpüsü Putinin şəxsi layihəsidir və Kreml belə bir təbliğat aparırdı ki, Ukrayna körpüyə zərər yetirə bilməz. Halbuki, körpünün bir hissəsinin uçurulması nəticəsində avtomobillərin Krım yarımadasına hərəkəti hər iki istiqamətdə dayandırılıb. Bu zərbə həm də onu göstərdi ki, Rusiya liderlərin masasında yer alacaq gücə malik deyil”.
O, Çindəki daxili siyasi vəziyyətin də birmənalı olmadığını vurğulayıb. O bildirib ki, Si Cinpin korrupsiya ilə mübarizə adı altında Kommunist Partiyasındakı rəqiblərinin bir hissəsini və yüksək rütbəli generalları neytrallaşdırıb:
“Bəziləri həbs edilib, digərləri istefaya göndərilib. Böyük ehtimalla Si Cinpin Kommunist Partiyasının növbəti qurultayında yenidən sədr seçiləcək. Ancaq onun bu kürsüdə müddətini uzatmağa çalışması partiyada yeni rəqiblərinin meydana çıxmasına şərait yaradacaq”.
Politoloqun qənaətincə, ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsi və İran məsələsində ortaq razılığa gəlməsi də çətindir:
“Kreml sahibi işğalı bitirməyənə qədər müharibəni dayandırmayacaq. Çin lideri üçlü zirvədə Rusiya-Ukrayna müharibəsini müzakirə etməkdə maraqlı deyil. Eyni zamanda, Çin və Rusiya liderləri İran mövzusunu ABŞ Prezidenti ilə müzakirə etməyə maraq göstərmirlər. Ümumiyyətlə, Moskva və Pekin Vaşinqtondan fərqli olaraq, İran rejiminin ayaqda qalmasını istəyir”.
Analitik APEC sammiti çərçivəsində keçiriləcək Si Cinpin-Donald Tramp görüşündə süni intellekt sahəsindəki rəqabətin də əsas müzakirə mövzularından biri olacağını qeyd edib:
“Rusiya süni intellekt sahəsində ABŞ və Çindən geri qaldığından bu mövzu Kreml sahibini maraqlandırmır. ABŞ və Çin isə süni intellekt sahəsində xeyli irəliləyiblər və rəqiblərə çevriliblər. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Çindəki danışıqlardan istifadə edərək süni intellektlə bağlı ikitərəfli dialoqu irəli aparmaq niyyətindədir. Bununla belə, o, hər iki tərəfin mövcud fikir ayrılıqları ilə bağlı heç bir illüziyaya qapılmamalı olduğunu vurğulayıb. Vaşinqton Çinin ən qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır. Sammitin nəticəsi nə olursa olsun, Pekin bu məhdudiyyətlərdən yan keçməyin yollarını axtarmağa davam edəcək”.
Politoloq vurğulayıb ki, “The New York Times” qəzetinin məlumatına görə, Çin son bir neçə ildə müxtəlif vasitələrlə milyardlarla dollar dəyərində müasir çiplər əldə edib. Onun fikrincə, demokratların nəzarətinə keçən Konqres süni intellekt sahəsində yeni məhdudlaşdırıcı qanunlar qəbul edə bilər. ABŞ ixraca nəzarəti gücləndirməklə bu sahədə liderliyini qorumağa çalışacaq.
Jalə Rövşən