Ekspert:"Onlar Moskvanın "qırmızı xəttini" keçə bilməzlər"

Təhlil

24.12.2025 17:06

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Belarusa 250 kiloqramdan artıq qırmızı kürü və digər dəniz məhsullarının qanunsuz daşınmasının qarşısını alıb. Smolensk Gömrük İdarəsi ilə birgə yoxlamalar zamanı Bryansk, Smolensk və Kaluqa vilayətlərindən Belarusa gedən beş nəqliyyat vasitəsi saxlanılıb, məhsulların sənədlərinin olmadığı və daşınma qaydalarının pozulduğu müəyyən edilib.

Maraqlıdır,  Belarusun ABŞ ilə yaxınlaşması fonunda bunu Rusiyanın Belarusa iqtisadi  təzyiq aləti hesab etmək olarmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Belarus Rusiyanın tam nəzarətində olan əsas müttəfiqidir:


"Belarus Rusiya ilə ittifaqdadır və onun ən yaxın müttəfiqi kimi hərəkət edir. Rusiya ilə razılaşdırmadan demək olar ki, heç bir addım atılmır. Üstəlik, Rusiya Belarus ərazisində taktiki nüvə silahları yerləşdirib. Bu, məşhur Karib böhranından sonra Rusiyanın ilk dəfə öz ərazisindən kənarda, başqa bir ölkənin ərazisində nüvə silahı yerləşdirməsidir. Eyni zamanda, ən müasir raket sistemləri də Belarusun ərazisində yerləşdirilib".

Onun sözlərinə görə, Lukaşenko dövründə Belarusun Rusiyadan uzaqlaşması mümkün deyil:

"Bu səbəbdən Rusiya ilə Belarus arasında, ən azı Lukaşenkonun hakimiyyətdə olduğu dövrdə, münasibətlərdə ciddi soyuqluğun yaranması qeyri-mümkündür. Lukaşenko yaxşı bilir ki, onu hakimiyyətdə kim saxlayıb və bu gün də kim saxlayır. Amerika Birləşmiş Ştatları ilə yaxınlaşmaya gəldikdə isə, bu cür addımları digər keçmiş ittifaq respublikaları da atır. Qazaxıstan və Özbəkistan ABŞ ilə daha sıx əməkdaşlığa cəhd göstərir, lakin onlara qarşı bu tip addımlar atılmır".

Ekspert qeyd edib ki, Onlar Rusiyanın qırmızı xətlərini keçmirlər:

"Çünki Ukrayna müharibəsi, təəssüf ki, Rusiyanı zəiflətmədi. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Putinin istəklərinin reallaşdırılması üçün əlindən gələni edir, NATO-nun zəiflədilməsi istiqamətində də müəyyən addımlar atır. Belə bir şəraitdə Rusiya rəhbərliyinin özünü daha rahat hiss etməsi təbiidir və ətraf ölkələrin Moskvaya münasibətinin yaxşılaşmasını görməmək mümkün deyil".

Abutalıb Səmədov sonda əlavə edib ki, bu səbəbdən Belarusun Rusiyanı ciddi şəkildə narazı sala biləcək hər hansı addım atması real deyil. Kürü və digər dəniz məhsulları ilə bağlı məsələ isə xırda texniki məsələdir və dövlətlər arasında ciddi narazılıq yaradacaq faktor hesab oluna bilməz. 

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Rusiya,Qırmızı xətt,Todaypress.tv,