Cənub-Şərqi Asiyada təhlükə artır – Tailandın hərbi addımı hansı riskləri yaradır?
Təhlil
09.12.2025 18:53
Tailand Kral Dəniz Qüvvələri (RTN) Kamboca qoşunlarını ölkə ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.
Məlumatı "The Nation" qəzeti Hərbi Dəniz Qüvvələrinin sözçüsü Parat Rattanachaiphana istinadən yayıb.

Bildirilir ki, Tailand kəşfiyyatı suveren Tailand ərazisindəki sərhəd bölgəsində Kamboca hərbi qüvvələrinin toplandığını aşkar edib:
“Tailandın təmkinliliyinə və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tailand ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər, mövqelərini və taktiki qurğularını Tailandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər”.
Maraqlıdır, Tailandın Kral Dəniz Qüvvələrinin Trat əyalətində Kamboca qoşunlarına qarşı əməliyyata başlaması regionda təhlükəsizlik balansını necə dəyişə bilər? Bu hadisə Cənub-Şərqi Asiya ölkələri arasında yeni gərginliyə yol aça bilərmi?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tamilla Qulami bildirib ki, Cənub-Şərqi Asiya üçün onsuz da həssas olan bir zamanda Tailand Kral Dəniz Qüvvələrinin Trat əyalətində Kamboca qoşunlarına qarşı əməliyyata başlaması qısa müddətdə hücumçu tərəfə müəyyən taktiki üstünlük qazandırsa da, region ölkələri arasında gərginliyin artmasına səbəb olacaq:

“Mütləq şəkildə diplomatik kanallar işə salınmalıdır. Əgər hücumun qarşısı alınmazsa, bu hadisə uzunmüddətli perspektivdə Cənub-Şərqi Asiyada təhlükəsizlik balansını ciddi şəkildə zəiflətmək riski daşıyır”.

Ekspert bildirib ki, hər iki ölkənin ASEAN üzvü olması vəziyyəti daha da həssaslaşdırır:
“Bu qarşıdurma təkcə Tailand və Kambocanın ikitərəfli münasibətlərinə təsir göstərməyəcək, həm də bütün Assosiasiyanın sabitliyini riskə ata bilər. Tailandın aktiv hərbi müdaxiləsi regionda status-kvo prinsipini zəiflədəcək və təhlükəsizlik balansını sual altına qoyacaq. ASEAN ölkələri uzun illərdir ki, mübahisələrin hərbi deyil, diplomatik yolla həllini əsas norma kimi qəbul ediblər.
Tamilla Qulami Tailand və Kamboca arasında əvvəllər yaşanan gərginliklərin də bu təhlükəni artırdığını bildirib:
“Preah Vihear” məbədi ətrafında baş vermiş keçmiş silahlı insidentlər göstərir ki, lokal münaqişələr çox sürətlə siyasi və ictimai səviyyədə eskalasiyaya keçə bilir. Trat əyalətində baş verən son hadisə də millilik ritorikasını gücləndirə, ictimai təzyiqi artıra və hökumətlərin manevr imkanlarını məhdudlaşdıra bilər”.
Ekspert ASEAN-ın mövqeyinin bu durumda kifayət etməyə biləcəyini də vurğulayıb:
“ASEAN adətən neytral və ehtiyatlı mövqe tutur, lakin tərəflərdən biri genişmiqyaslı əməliyyatları davam etdirərsə, təşkilatın daxili parçalanma riski qaçılmaz ola bilər. Bu qarşıdurma həmçinin Çin və ABŞ kimi böyük güclər üçün yeni strateji imkanlar və risklər yaradacaq. Çin regionda sabitlik adı altında təsirini artırmağa çalışa, ABŞ isə Tailandla hərbi əməkdaşlığı gücləndirmək üçün fürsət axtara bilər”.
.jpg)
Politoloq bildirib ki, Tailandın başladığı əməliyyat yalnız lokal xarakter daşımır:
“Tailand Kral Dəniz Qüvvələrinin Trat əyalətində başlatdığı əməliyyat təkcə taktiki addım deyil, strateji baxımdan regionun təhlükəsizlik balansını sarsıtmaq gücünə malikdir.Gərginliyin daha geniş miqyas alıb-almaması isə tərəflərin diplomatik kanalları nə dərəcədə işə sala bilməsindən asılı olacaq”.
Qiymət Mahir
tag: Tailand,Kral Dəniz Qüvvələri,Trat ,ASEAN ,Todaypress.tv,
