Bu şəxs bütün dünyanı Bakıya heyran etdi - Planetin yeni cazibə mərkəzi
Təhlil
22.05.2026 14:32
Prezident İlham Əliyev WUF13 ərəfəsində “Euronews” televiziyasına müsahibə verdi. Ölkə başçısının verdiyi açıqlamaları Azərbaycanın son illərdə formalaşdırdığı yeni siyasi və geosiyasi kimliyinin aydın təqdimatı kimi oxumaq lazımdır. Müsahibə ilə rəsmi Bakının dünyaya ünvanladığı strateji mesajlar, əsləndirilən fikirlər Azərbaycanın post-münaqişə dövründə müəyyənləşdirdiyi prioritetləri, qlobal arenada artan nüfuzunu və gələcək inkişaf istiqamətlərini açıq şəkildə ortaya qoyur.

Xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi əsas platformalardan birinə çevrilməsidir. COP29-dan sonra Bakıda təşkil olunan Dünya Şəhərsalma Forumunun miqyası bunun ən real göstəricisidir. 182 ölkədən minlərlə nümayəndənin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq etimad qazandığını nümayiş etdirən mühüm faktordur. Prezident İlham Əliyev də bu məqama toxunaraq bildirdi: “Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb.”
Söhbətin digər mühüm istiqaməti Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı idi. Burada əsas diqqət regionda kommunikasiyaların açılmasına, Zəngəzur layihəsinə və dayanıqlı sülh mühitinin formalaşdırılmasına yönəlir. Rəsmi Bakı beynəlxalq platformalardan gələcək iqtisadi və geosiyasi planlarını dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə edir. Prezident bu məsələyə toxunaraq qeyd etdi ki, layihə bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək baxımından bir fürsətdir.

Diqqətçəkən məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesinin təqdimatı idi. Azərbaycan ərazilərini bərpa edir, onları müasir texnologiyalar və yaşıl enerji prinsipləri əsasında yenidən qurduğunu nümayiş etdirir. “Ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji konsepsiyaları həmin siyasətin əsas istiqamətlərindən biridir.
Ölkə başçısı bunu xüsusi vurğuladı: “Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq.”
Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı yeni inkişaf modeli artıq beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.
O, yenidənqurma prosesinin miqyasını konkret rəqəmlərlə ifadə etdi. Qısa müddətdə on minlərlə insanın doğma torpaqlarına qayıtması, yüzlərlə körpü və tunelin tikilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması Azərbaycanın bölgədə genişmiqyaslı inkişaf proqramı həyata keçirdiyini təsdiqləyir. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan dağıdılmış, terrora məruz qalmış torpaqlarını gələcəyin müasir yaşayış və iqtisadi mərkəzlərinə çevirir.
Yeni reallıqlar fonunda Avropanın Azərbaycana münasibətində müşahidə olunan kəskin dönüş də xüsusi diqqət çəkir. Bir neçə il əvvəl Qərb mediasında və siyasi dairələrində Azərbaycana qarşı daha sərt və qərəzli ritorika üstünlük təşkil edirdisə, bu gün tamamilə fərqli mənzərə ortaya çıxıb. Vaxtilə “Euronews” kimi platformalarda Qarabağ məsələsində Ermənistanın tezislərini önə çəkən, Azərbaycanın ərazi bütövlüyünü sual altına almağa çalışan çevrələr indi Bakının təşkil etdiyi qlobal tədbirlərdə iştirak edir və regionda yaranmış yeni reallığı qəbul etməyə məcbur qalırlar.

Bu dönüşün əsas səbəblərindən biri təbii ki, enerji faktorudur. Rusiya qazından asılılığı azaltmağa çalışan Avropa üçün Azərbaycan strateji enerji təminatçısına çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq çoxsaylı Avropa ölkəsinə təbii qaz ixrac edir və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik", - Prezident deyib. Bu reallıq Avropanın siyasi ritorikasına da birbaşa təsir göstərib. Çünki Bakı ilə münasibətlərin gərginləşdirilməsi həm də iqtisadi və enerji təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirilir.
Digər mühüm amil isə Azərbaycanın Qarabağda yaratdığı “bitmiş fakt” reallığıdır. Azərbaycan suverenliyini tam şəkildə bərpa etdikdən sonra Qərb dairələri regiondakı yeni vəziyyətin dəyişməz olduğunu qəbul etməyə başladılar. Paralel olaraq azad edilmiş ərazilərdə həyata keçirilən sürətli yenidənqurma, “yaşıl enerji” və “ağıllı şəhər” layihələri beynəlxalq diqqəti cəlb etdi. Nəticədə vaxtilə tənqid ritorikası üstünlük təşkil edən yanaşma tədricən investisiya və əməkdaşlıq maraqları ilə əvəz olunmağa başladı.
Enerji təhlükəsizliyi və geosiyasi çeviklik məsələsi də müsahibənin əsas mövzularından biri idi. Müasir dövrdə enerji amilinin strateji əhəmiyyəti daha da artdığı üçün Azərbaycan özünü etibarlı tərəfdaş kimi təqdim edir. Prezident İlham Əliyev qeyd edib: “Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik.”
Jalə Rövşən
tag: İlham Əliyev ,WUF13,“Euronews”,Müsahibə ,Todaypress.tv,
