Başqalarına “demokratiya” dərsi keçən Paris bu dəfə Tehranın imtahanındadır
İran və Fransa arasında son dövrdə qarşılıqlı ittihamlar, diplomatların ölkədən çıxarılması və səfirlik əməkdaşları ilə bağlı insidentlər fonunda diplomatik gərginlik artır.
Bəs bu qarşıdurmanın əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı politoloq Aydın Quliyev TodayPress TV-yə açıqlama verib.

Ekspert vurğulayıb ki, İranın hakimiyyət dairələri bu günlərdə Fransa və Prezident Emmanuel Makrona sözün həqiqi mənasında "demokratiya və insan haqları" dərsi keçir.
“Fransa insan haqları və demokratiyanın beşiyi, qalası olmaqda öyünərək bir sıra digər ölkələrdə hər zaman irad tutmaq, bu addan istifadə edərək ölkələrin daxili işlərinə müdaxilə etməklə məşğuldur. Amma bu gün İranın Fransa qarşısında nümayiş etdirdiyi mövqe həm Parisə digər ölkələrin daxili işlərinə müdaxilənin nə qədər ağrılı olduğunu göstərmək, həm də Fransadan insan haqları və demokratiya məsələlərinə sözün həqiqi mənasında birmənalı yanaşma tələb etmək məqsədi daşıyır”, - deyə o qeyd edib.
Siyasi şərhçi izah edib ki, hadisələr Fransada, Paris ətrafında məktəblilərin etiraz aksiyalarına başlaması ilə gündəmə gəlib. Onun sözlərinə görə, məktəb infrastrukturunun bərbad vəziyyətdə olması, müəllim çatışmazlığı və əməkhaqlarının aşağı olması kimi problemlər şagirdlərin narazılığına səbəb olub. Lisey şagirdləri hökumətdən bu problemlərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini tələb ediblər. Lakin Fransa hökuməti onların tələblərini nəzərə almaq əvəzinə, repressiyalara əl atıb və qısa müddətdə 5 mindən artıq şagirdi, valideyni və müəllimi həbs edib.
“Bütün bunları nəzərə alan İran hökuməti Fransanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq Fransadan insan hüquqları sahəsində götürdüyü öhdəlikləri yerinə yetirməyi və bu sahədə pozuntuların qarşısının alınması üçün əsaslı addımlar atmağı tələb edib. Əslində, İran bununla Fransaya mesaj verir ki, siz vaxtilə bizim daxili işlərimizə qarışanda, İranda insan haqlarının pozulması ilə bağlı hay-küy salıb bir-birindən fərqli, rəngarəng hesabatlar dərc edəndə bilməli idiniz ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək bir alətə, silaha çevrilməməlidir”.
Politoloqun fikrincə, Fransa demokratiya və insan hüquqları adı altında başqa ölkələrin siyasətini tənqid edirsə, İranın da Fransanın özündə insan hüquqlarının vəziyyətini gündəmə gətirməsi Paris tərəfindən eyni meyarlarla qiymətləndirilməlidir.
A. Quliyev bildirib ki, iki ölkə arasında münasibətlər hazırda məktəblərlə bağlı hadisələr fonunda kəskinləşsə də, Fransa-İran münasibətlərindəki problemlərin kökləri daha dərinə gedib çıxır. Onun sözlərinə görə, Fransa uzun müddətdir İranda öz maraqlarını təmin etməyə çalışır. İran hakimiyyəti bu maraqlara uyğun addımlar atmadıqda isə Paris Tehrana təzyiq göstərməkdən, o cümlədən İranın daxili işlərinə müdaxilə etməkdə ittiham olunan addımlar atmaqdan çəkinməyib.
“Bu gün də İran hökuməti Fransaya başqa ölkələrin daxili işlərinə qarışmağın nə qədər acı olduğu ilə bağlı bir dərs verir”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Aysel Mətləb