Matteusdan “Bavariya”ya xəbərdarlıq: Musialanı qoruyun!

Matteusdan “Bavariya”ya xəbərdarlıq: Musialanı qoruyun!
23.11.2026 09:50 İdman

Almaniya millisinin sabiq futbolçusu və 1990-cı il dünya çempionu Lotar Matteus “Bavariya” rəhbərliyinə Jamal Musiala ilə bağlı yaranmış vəziyyəti ictimai açıqlamalar olmadan həll etməyi tövsiyə edib.

TodayPress TV “Sky Sport Germany”yə istinadən xəbər verir ki, Matteus Münhen təmsilçisinin rəhbər şəxslərinin Musialanın gələcəyi ilə bağlı son açıqlamalarını şərh edib. O, tərəflərin məsələni açıq müzakirələr əvəzinə qapalı danışıqlar yolu ilə həll etməli olduğunu bildirib:

“Bu həftə baş verənlər məni bir qədər təəccübləndirdi. Əvvəlcə Uli Höness, daha sonra Yan-Kristian Drezen və Karl-Haynz Rummenigge açıqlama verdi. Mən Rummeniggeyə böyük hörmət bəsləyirəm. Lakin o, sözlərini bilərəkdən belə seçib.

Son iki ildə “Bavariya”nı möhkəm daxili əlaqələrə malik böyük ailə olduğu üçün tərifləyirdik. Klubun uğurlarında bunun da rolu var idi. Bəs niyə Musialanın nümayəndələri ilə klub rəhbərliyi sakit şəraitdə bir araya gəlib bu məsələni ictimai açıqlamalar olmadan həll etməsinlər?

Musialanın özündən heç nə eşitmirik. Onun nümayəndələri hələ “Bavariya” ilə danışıqlar aparmayıb. Klub da futbolçunun təmsilçiləri ilə əlaqə saxlamayıb. Düşünürəm ki, vəziyyət daha da gərginləşmədən bunu etmək lazımdır. Çünki bütün bu prosesdən ən çox əziyyət çəkən Musialadır. Klubda çoxsaylı zədəlilər olduğu üçün ondan nəticə gözlənilir və futbolçuya təzyiq göstərilir. Bir-birinizlə danışın və ortaq həll yolu tapın”.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər