Ermənistanda yeni Konstitusiya layihəsi dərc olundu: Diqqətçəkən detal
Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub. Sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer almadığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumata görə, yeni Konstitusiya layihəsinin ən çox müzakirə doğuran məqamlarından biri məhz Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Bu məsələ son aylarda Ermənistanın siyasi gündəmində əsas mübahisə mövzularından birinə çevrilib.
Xatırladaq ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə birləşdirilməsinə dair 1989-cu il qərarına istinad mövcuddur. Hazırkı Ermənistan Konstitusiyasının preambulasında da həmin Bəyannaməyə istinad edilir.
Azərbaycan tərəfi bu müddəanı Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının hüquqi-siyasi əsaslarından biri kimi qiymətləndirir və Konstitusiyada müvafiq dəyişikliklərin edilməsini sülh sazişinin imzalanması baxımından vacib məsələ hesab edir.