Azərbaycan xalqı cahildirmi?
Təbii ki, xalqa bu cür baxış və qiymətləndirmə etmək olmaz. Lakin bu xalqın bir qisminin performansı insanı belə bir fikrə düşməyə məcbur etməyə bilmir.
Bizim xalq olaraq, üstündə dursalar, səmimi şəkildə əməl etsələr və gözünə digər məqsədlər qatmasalar, çox yaxşı milli- mənəvi dəyərlərimiz var.
Amma ideoloji sütun sındığından xalqı vahid bir damın altında saxlayacaq fikir axını parça-parça olub, hərənin fərdi qaydada fəaliyyət meydanına dönüb.
Tutaq ki, din barədə müzakirə açılacaqsa, bu dərhal aqressiv bir qarşıdurmaya çevriləcək.
Yaxud milli kimlik üzərində o qədər yanlış durulub ki, bu, birləşdirmək əvəzinə etnik separatizmə yuvarlanıb.
Sosial şəbəkələr xaricdən Azərbaycana savaş açan etnik separatçılarla dolub-daşır, ziyalılıq institutunun deqradasiyası nəticəsində həmin obraz kimi görməyə adət etdiyimiz şəxslərin çox böyük əksəriyyəti xüsusi qrupların nüfuz elçiliyinə yuvarlanıb, din desək, qəribə-qəribə cərəyanlar peyda olub, şüurlu insanın ağlına gəlməyəcək məsələləri müzazkirəyə çıxarmaqla cəmiyyətin mənəvi saflığına zərər verirlər.
Sosial şəbəkələr də fala baxan, pir açan, fırıldaqçılarla doludur.
Ağsaqqallıq institutu desək, obraz gülünc, məzə obyektinə çevrilib.
Ailə dəyərləri desək, ortada ailə qalmayıb az qala...
Mənəvi tənəzzül özünün XIX əsr səviyyəsinə qayıdıb, o dövrün personajları bu günün real həyatında üz-üzə gəlinəcək qədər çoxalıb.
Və burda həmin sual meydana çıxır:
Biz cahilikmi?
Düzdür, cahil ifadəsinin elmdəki qarşılığı təhsil vəziyyətinə görə ölçülür, lakin bizim sosioloji mənamızda o elmdən də daha artıqdır.
Oxuyub, bilikli olub, lakin cahil olanlar da az deyil axı.
Azərbaycan kağız üzərində dünyanın ən savadlı ölkələrindən biridir: rəsmi statistika əhalinin 99.8%-nin oxuyub-yazma bildiyini bəyan edir. Lakin bu rəqəmdə sadəcə hərfləri tanımaq bacarığı götürülür.
Müasir dünyanın əsas meyarı olan savadlılıqdır, daha dərinə gedəndə isə tənqidi təfəkkür, analitik düşüncə müstəvisinə keçdikdə isə reallıq tamamilə fərqlidir.
Hər 10 yeniyetmədən 6-sı təməl həddi aşa bilmir
Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) nəticələri təhsilimizin real diaqnozunu ən çılpaq rəqəmlərlə ortaya qoyur:
Oxu savadlılığında Azərbaycan şagirdləri 365 bal toplayıb. Müqayisə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta göstəricisi 476 baldır. 111 ballıq fərq təxminən 3-4 illik təhsil geriliyi deməkdir. Riyazi savadda isə nəticəmiz 397 bal, OECD ortalaması isə 472 baldır (fərq: -75 bal).
Təbiət elmləri: Ölkə göstəricisi 380 bal, beynəlxalq standart isə 485 baldır (fərq: -105 bal).

Təməl funksional savadsızlıq: Şagirdlərimizin 60-65%-i oxu və elmi qavrama üzrə 2-ci təməl pilləni keçə bilmir. OECD-də bu göstərici 25-30% civarındadır.
Bu o deməkdir ki, məktəblilərin yarıdan çoxu oxuduğu mürəkkəb mətndən əsas ideyanı ayıra, iki fakt arasında məntiqi səbəb-nəticə əlaqəsi qura və manipulyativ informasiyanı həqiqətdən fərqləndirə bilmir.
Eyni struktur böhran ali məktəblərə hazırlıq mərhələsində də təkrarlanır. Dövlət İmtahan Mərkəzinin (DİM) illik statistik hesabatları göstərir ki:
İmtahan verən abituriyentlərin 35-40%-i ixtisas seçimi üçün tələb olunan minimum 150-200 bal həddini güclə keçir və ya ümumiyyətlə baryeri aşa bilmir.
Hər il minlərlə məzun riyaziyyat və xarici dil fənləri üzrə 0 və ya mənfi bal toplayır.
Ölkədə ali təhsilli əhalinin xüsusi çəkisi cəmi 20-22% təşkil etdiyi halda (OECD ortalaması: 40-45%), həmin 20%-in də böyük hissəsi əmək bazarının tələb etdiyi funksional vərdişlərdən məhrumdur.
İldə bir kitab oxumayan kütlə və sosial fəsadlar
Kitab oxuma göstəricisi adambaşına ildə 1 kitabdan da azdır (inkişaf etmiş ölkələrdə bu rəqəm 6–12 kitab arasındadır). Məntiqi və elmi düşüncənin təməli sayılan təbiət elmlərindəki 380 bal isə ictimai sahədə birbaşa əks-səda verir:
Cəmiyyət tibbi problemləri elmlə deyil, alternativ üsullarla həll etməyə çalışır, sosial şəbəkələrdə fırıldaqçı dini və maliyyə tələlərinə aldanır, saxta xəbərlərə tənqidi filtr qoya bilmir. 99.8%-lik rəsmi statistika ilə 60%-lik funksional savadsızlıq arasındakı dərin uçurum insanın gözünü çıxarır.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı