Rinqdə Azərbaycan rüzgarı: Boksçularımız Avropa çempionatına möhtəşəm start verdi!
Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatı start götürüb.
TodayPress TV xəbər verir ki, 43 ölkədən 406 idmançının mübarizə apardığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər iki üzvü mərhələ adlayıb.
70 kq çəki dərəcəsində çıxış edən Nəbi İsgəndərov ilk görüşündə monteneqrolu Miloş Poqanoviçlə üz-üzə gəlib. Bütün raundları üstün başa vuran təmsilçimiz yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, sentyabrın 19-da keçiriləcək 1/8 final mərhələsində xorvatiyalı Fabian Tomkiçlə döyüşəcək.
Digər təmsilçimiz Seyid Seyidov (85 kq) da 1/16 final qarşılaşmasını aktivinə yazmağı bacarıb. Boksçumuz belçikalı İdris Leqanesini 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə üstələyib. Milli komandanın üzvü sentyabrın 18-də 1/8 final çərçivəsində ilk mərhələdən azad olan ispaniyalı Adrian Rikardo ilə qarşılaşacaq.
Xatırladaq ki, Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.
Namiq HUN