Təbii inhisar subyektlərinin nümayəndələri üçün təlim keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində neft və qaz, elektrik enerjisi, su təchizatı, istilik təchizatı, nəqliyyat (dəmir yolu, hava nəqliyyatı, metropoliten), telekommunikasiya və digər sahələrdə fəaliyyət göstərən təbii inhisar subyektlərinin nümayəndələri üçün növbəti maarifləndirici tədbir keçirilib.
TodayPress TV xəbər verir ki, təlimdə təbii inhisar subyektlərinin fəaliyyətinə dair Rəqabət Məcəlləsində nəzərdə tutulmuş tələblər diqqətə çatdırılıb, təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmləri izah edilib.
40-a yaxın təbii inhisar subyekti nümayəndəsinin iştirak etdiyi təlimdə Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin sektor müdiri Rövşən Camalov “Təbii inhisar subyektlərinə razılıq hərəkətləri üzərində nəzarətin həyata keçirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmləri, rəqabət orqanından razılıq alınmasını tələb edən hərəkətlər, bu istiqamətdə müraciətlərə baxılması qaydası barədə ətraflı məlumat verilib.
Təlimdə həmçinin Agentliyin praktiki fəaliyyətindən nümunələr təqdim edilməklə rəqabət qanunvericiliyinin təbii inhisar subyektlərinə münasibətdə tətbiqi məsələləri izah olunub, iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.