Kim daha sürətlidirsə, sükan arxasına o keçəcək – “Haas”ın yeni strategiyası
“Haas”ın rəhbəri Ayao Komatsu komandanın 2027-ci il mövsümü üçün pilot seçərkən ilk növbədə sürətə və nəticələrə üstünlük verəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
“Əgər fərq saniyənin onda biri qədər olarsa və pilotlar bir-birinə çox yaxın nəticə göstərərlərsə, onda müəyyən proqrama mənsubluq və ya maliyyə dəstəyi paketi, şübhəsiz ki, rolu olacaq. Lakin belə bir vəziyyətə düşəcəyimizi düşünmürəm. Hesab edirəm ki, seçimi sırf nəticələr əsasında edə biləcəyik. Hələ ki proqramı tam yekunlaşdırmamışıq.
Bizə həqiqətən iki sürətli pilot lazımdır, çünki komandanı inkişaf etdirməyin ən yaxşı yolu budur. Bunların iki “Ferrari”, iki “Toyota” və ya iki “McLaren” pilotu olmasının fərqi yoxdur. Leonardo Fornaroli “McLaren”in pilotudur, elə deyil? Amma səmimi desəm, bunun heç bir əhəmiyyəti yoxdur. Kim daha sürətli olsa, komanda üçün ən yaxşı variant o olacaq.
Bir daha qeyd edim: burada çalışan 400 əməkdaşın hər biri anlamalıdır ki, biz mövcud olan ən yaxşı pilotları seçmişik ki, həmin iki nəfər boliddən maksimumunu çıxara bilsin. Təsəvvür edin ki, yarım saniyə geridə qalan bir pilotu götürürsünüz, amma buna görə əlavə pul alırsınız. Bu, heç kimi motivasiya etməyəcək. Üstəlik, çempionatdakı hər bir pillə kifayət qədər böyük məbləğ deməkdir, elə deyil? Bizim üçün prinsipcə heç nə dəyişmir. Həmişə demişəm ki, pilotları nəticələrinə görə seçirik. İndi də məhz bunu edirik”, – deyə Komatsu bildirib.
Namiq HUN