Gürcülər şokda: İran bu əraziləri əməlli-başlı ələ keçirdi
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocaninin paylaşdığı xəritədə Gürcüstanın Şərq bölgəsinin "yoxa çıxması" Tbilisidə ciddi diplomatik skandala səbəb olub.

Səfirin bu addımı ölkənin siyasi elitasında, o cümlədən, eks-prezident Mixail Saakaşvilidə belə kəskin narazılıq və təəccüb doğurub.
Məsələyə kənardan baxsaq, bu mənzərənin gözlənilməz olmadığını görmək mümkündür.
Gürcüstanın Şərqini illərdir fars şiəliyi və ideoloji təsir vasitələri ilə "zənginləşdirən" siyasətin yekunu başqa nə ilə nəticələnməli idi?

İran diplomatının Marneuliyə ayaq basarkən özünü ölkənin cənub-şərqində deyil, sanki Qum şəhərində hiss etməsi təsadüfi deyil. Şərq bölgələrində formalaşdırılan bu dini və mədəni mühit, nəticədə Tehranın regiona baxışını və xəritələrə münasibətini şərtləndirən əsas faktora çevrilib.
Aşkar görünən reallıq budur ki, yumşaq güc və ideoloji ekspansiya addım-addım suverenlik anlayışını aşındırır. Gürcüstan bu diplomatik təxribat qarşısında təəccüblənməkdənsə, məsələyə realist bucaqdan baxmalıdır.
Vəziyyəti nəzərə alsaq, səfirin təqdim etdiyi xəritədə heç olmasa Qərbi Gürcüstanın yer almasına sevinmək lazımdır.
Ölkə daxilində xarici ideoloji təsirlərə göz yumulması təbii ki, dövlətin ərazi bütövlüyünün belə təhdidlərlə üz-üzə qalmasına kimi gətirib çıxaracaqdı.
Xatırlayırsınızsa, Azərbaycan vaxtilə uzaqgörən siyasət nəticəsində bu ünsürlərdən qurtuldu və xaricdən yönələn dini-ideoloji təsirlərin dövlət üçün təhlükəyə çevrilməsinin qarşısını aldı.
Tbilisinin bu siqnallardan hansı siyasi dərs çıxaracağı isə sual doğurur.
Jalə Rövşən