Kağızdakı imza əsrlik nifrəti bitirəcək?

Kağızdakı imza əsrlik nifrəti bitirəcək?
15.10.2026 17:15 Araşdırma

Bir müddət əvvəl Nikol Paşinyan MDB sammitində Bakı ilə İrəvan arasındakı sülhü “ideal olmayan, lakin davamlı” kimi qiymətləndirib və hələ də həllini gözləyən humanitar məsələlərin olduğunu bildirib. Eyni zamanda, hər iki tərəfdə vaxtaşırı mənfi ritorikanın gücləndiyini etiraf edib.

Hər kəsə məlumdur ki, xalqlar arasında etimadsızlıq mövcuddur. Bunun ən sadə təzahürünü sosial şəbəkələrdə görmək mümkündür. Nifrət dərindən kök salıb. Bu, Azərbaycan əsgərinin Ermənistana keçməsi kontekstində də özünü göstərib və bu gün də davam edir.

Bəs cəmiyyətlər arasında münasibətlərin normallaşması üçün nə lazımdır? Məlumdur ki, bunun üçün təkcə sülh müqaviləsi kifayət etməyəcək.

Tarixdə bir-birinə qarşı dərin nifrət və etimadsızlıq bəsləyən xalqların müharibələrdən sonra barışığa nail olması ilə bağlı nümunələr var. Bəs həmin xalqların təcrübəsi bizə nə deyir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev Qarabağın tam azad edilməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması istiqamətində, Vaşinqton razılaşmasından sonra vətəndaş cəmiyyəti nümayəndələri və qurumları arasında ikitərəfli görüşlərin başladığını xatırladıb.


“Ermənistana səfər edən azərbaycanlılar və oradan Bakıya gələn ermənilər regionda sülhün bərqərar olması üçün danışıqlar aparırlar. Regionda sülhün təmin olunması mütləqdir və artıq qan tökülməsinə son qoyulmalıdır. Bu, Azərbaycan xalqının mövqeyidir və ölkəmiz bu mövqeyə uyğun davranır. Lakin qarşı tərəf bu mövqeyə nə vaxta qədər əməl edəcək?

Əsas sual budur.

“Sülh Körpüsü” təşəbbüsü adlandırılan bu missiya Azərbaycan tarixində ilk deyil. 1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində ermənilərin törətdikləri dəhşətli qətliamlardan və soyqırımından sonra Bakı və Gəncədə nüfuzlu ziyalılardan ibarət heyətlər formalaşdırılmışdı.

Həmin dövrdə Azərbaycanla Ermənistan arasında birbaşa sülhün təmin olunması məqsədilə fəaliyyət göstərən daimi beynəlxalq təşkilat olmasa da, münaqişələrin tənzimlənməsi üçün müəyyən komissiyalar, müvəqqəti qurumlar və diplomatik təşəbbüslər mövcud olub”, – deyə tarixçi bildirib.

Zaur Əliyev hazırda da bu sahədə müxtəlif təkliflərin irəli sürüldüyünü və müzakirələrin aparıldığını qeyd edib:

“Müxtəlif modellər müzakirə olunur. Birincisi, Fransa-Almaniya modelidir. Əsrlər boyu bir-biri ilə müharibə aparan və milyonlarla insan itirən bu iki xalq İkinci Dünya müharibəsindən sonra kömür və polad sənayesini birləşdirərək müharibəni iqtisadi baxımdan qeyri-mümkün etdilər. Bu əməkdaşlıq bugünkü Avropa İttifaqının təməlini qoydu. Eyni zamanda, dərsliklərin birgə hazırlanması və tələbə mübadiləsi proqramları vasitəsilə yeni nəsillərin dostluq ruhunda yetişdirilməsinə çalışdılar.

Cənubi Afrika Respublikası modeli də mövcuddur. Aparteid rejiminin süqutundan sonra yaradılan “Həqiqət və Barışıq Komissiyası” vasitəsilə cinayətlər etiraf olundu, qurbanların səsi eşidildi və intiqam əvəzinə bağışlanma prinsipləri ön plana çəkildi.

Şimali İrlandiya modeli isə Belfast müqaviləsi ilə ən radikal tərəflərin belə kompromisə gedə biləcəyini göstərdi. Bu prosesdə beynəlxalq vasitəçilərin və hər iki tərəfin liderlərinin siyasi cəsarəti həlledici rol oynadı.

Tarix bizə göstərir ki, nifrət əbədi deyil. Lakin barışıq öz-özünə baş vermir. Cəmiyyətlər arasında barışığın bərqərar olması üçün kompleks və uzunmüddətli proses lazımdır.

İlk növbədə, saxlanılan şəxslərin qaytarılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və mina xəritələrinin mübadiləsi kimi həssas humanitar məsələlər tam həll olunmalıdır. Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla, bütün suveren ərazilərini tam, rəsmi və konstitusiya səviyyəsində tanımalıdır. Atılacaq istənilən humanitar və ya mədəni addım yalnız bu hüquqi təməl üzərində qurula bilər”.

Zaur Əliyev əlavə edib ki, qaçqınların hüquqları məsələsi müzakirə olunursa, bu proses Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq və mülkiyyət hüquqlarının tanınması məsələləri ilə paralel şəkildə həyata keçirilməlidir.

“Barışıq prosesi keçmişi unutmaq demək deyil. Azərbaycan Xocalı soyqırımı, şəhidlərimizin xatirəsi və işğal dövründə dağıdılmış mədəni-tarixi irsimizlə bağlı hüquqi və mənəvi məsuliyyət məsələlərini beynəlxalq müstəvidə müdafiə etməyə davam etməlidir. Sülh naminə tarixi faktların təhrif edilməsinə yol verilə bilməz”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər