Albaniyada hökumət əleyhinə etirazlar geniş vüsət aldı: Ölkə qarışdı
Albaniyada hökumət əleyhinə etirazlar paytaxt Tiranadan digər şəhərlərə də yayılıb. Nümayişçilərlə polis arasında toqquşmalar Şkoder, Durres və Korçedə də qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNA" məlumat yayıb.
Tiranada iğtişaşlar artıq üçüncü gündür davam edir. Oktyabrın 15-i etirazçılar parlament binasının qarşısına toplaşaraq polisə daş atıblar. Hüquq-mühafizə orqanları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Etirazlar oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında keçirilən tələbə aksiyası zamanı başlayıb. Sonrakı günlərdə baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilər onun iqamətgahına daxil olmağa cəhd göstəriblər. Polisin müdaxiləsindən sonra etirazçılar paytaxtın mərkəzindəki hökumət binalarına yönəliblər.
Hadisələr zamanı parlamentin, Ədliyyə Nazirliyinin, Dövlət Arxivlərinin və digər dövlət qurumlarının binalarına ziyan dəyib. Müxalif Albaniya Demokrat Partiyasının sədri Sali Berişa etirazlara dəstək verdiyini açıqlayıb.
Ölkədə hökumət əleyhinə narazılıq yalnız paytaxtla məhdudlaşmır. Adriatik sahilində yerləşən Vjosa-Narta təbiət qoruğunda hökumətin kurort tikintisi layihəsinə qarşı 130 gündən artıqdır aksiyalar keçirilir. Etirazçılar qorunan ərazilərlə bağlı qanuna edilən dəyişikliklərin ləğvini və baş nazirin istefasını tələb edirlər.
Türkan İsgəndərli