Meksikada 2500 illik sirr açıldı: Qədim insanlar Günəşi necə izləyirdilər?
Meksikada arxeoloqlar 2500 ildən çox yaşı olan qədim Günəş rəsədxanasının mövcudluğunu təsdiqləyiblər. Kəşf qədim sivilizasiyaların astronomiya və təqvim hesablamaları sahəsindəki biliklərinə yeni işıq salır.
TodayPress TV xəbər verir ki, Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun (INAH) alimləri Puebla ştatında yerləşən Teteles de Avila Kastillo arxeoloji ərazisində araşdırmalar aparıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, qədim yaşayış məskənindəki monumental tikililər yalnız dini mərasimlər üçün istifadə olunmayıb. Kompleksin şərq platforması Günəşin hərəkətini izləmək, yaz və payız bərabərliyi, eləcə də yay və qış gündönümü tarixlərini müəyyənləşdirmək üçün nəzərdə tutulub.
Alimlərin fikrincə, bu müşahidələr yerli əhaliyə kənd təsərrüfatı işlərini planlaşdırmağa kömək edib. Günəş dövrləri əsasında fevral ayında əkin mövsümünün başlanğıcını, oktyabrda isə məhsul yığımının vaxtını müəyyən etmək mümkün olub.
Kəşf qədim Mezoamerika xalqlarının astronomik biliklərinin yalnız Maya sivilizasiyası ilə məhdudlaşmadığını göstərir. Araşdırma həmçinin bölgədəki erkən mədəniyyətlərin inkişafını və astronomiyanın şəhərsalma ilə əlaqəsini öyrənmək üçün yeni imkanlar yaradır.
Arxeoloji məlumatlara görə, Teteles de Avila Kastillo eramızdan əvvəl təxminən 900-cü ildən etibarən istifadə olunub. Yaşayış məskəninin əhəmiyyəti sonradan azalsa da, ərazi müqəddəs məkan kimi öz rolunu qoruyub. Burada eramızın 600-900-cü illərinə aid başqa xalqların təqdimləri də aşkar edilib.
Türkan İsgəndərli