Terroru din bilənlərin dini nədir?

Terroru din bilənlərin dini nədir?
12.10.2026 15:20 Araşdırma

Tarix boyu dövləti dinin, siyasəti isə ilahi iddiaların əsasında idarə etməyə çalışdıqları zaman nəticə nə oldu? Elmin qarşısı alındı, insan azadlıqları tapdalandı, sonda isə böyük fəlakətlər baş verdi. Dövlət idarəçiliyində ağıl və rasional düşüncə bir kənara qoyulub dini ehkamlar əsas götürüləndə bunun bədəlini həmişə sadə insanlar kütləvi qırğınlar, aclıq və səfalətlə ödəyiblər.

Bunun ən dəhşətli nümunələrindən biri XIX əsrdə Çində yaşanıb. Özünü İsa Məsihin kiçik qardaşı elan edən Xun Şiuçüan dini fanatikləri ətrafına toplayaraq öz hakimiyyətini qurub. Onun rəhbərlik etdiyi hərəkat qısa müddətdə ölkəni qanlı qarşıdurmaya sürükləyib, ənənəvi mədəniyyətə və dini inanclara qarşı sərt tədbirlər həyata keçirib. Bu dini fanatizmin alovlandırdığı vətəndaş müharibəsi 20 milyondan çox insanın həyatına son qoyub.


Oxşar mənzərə İtaliyanın Florensiya şəhərində də yaşanıb. Hakimiyyəti ələ keçirən fanatik rahib Cirolamo Savonarola “mənəvi təmizlik” adı altında sərt dini rejim qurub. İntibah dövrünün qiymətli sənət əsərlərinin, kitabların və əlyazmaların bir qismi tonqallarda yandırılıb. Azad düşüncənin və incəsənətin mühüm mərkəzlərindən biri olan şəhərdə dini fanatizm və qorxu mühiti güclənib, Florensiyanın mədəni həyatına ciddi zərbə dəyib.


Avropada da dini hakimiyyətin siyasi güclə birləşməsi ağır nəticələr doğurub. İnkvizisiya məhkəmələri minlərlə insanı dini baxışlarına və fikirlərinə görə təqib edib, işgəncələrə məruz qoyub, bəzilərini isə tonqallarda edam edib. Dini ziddiyyətlərin siyasi maraqlarla birləşməsi sonda Avropanı Otuzillik müharibə kimi dağıdıcı qarşıdurmaya sürükləyib. Mərkəzi Avropa xarabalığa çevrilib, müharibənin, aclığın və epidemiyaların nəticəsində milyonlarla insan həyatını itirib. Bəzi hesablamalara görə, regionun ayrı-ayrı ərazilərində əhalinin təxminən üçdə biri tələf olub.

Sudanda da oxşar ssenari təkrarlanıb. Özünü "Mehdi" elan edən Məhəmməd Əhmədin rəhbərlik etdiyi hərəkat ölkədə dini hakimiyyətin qurulması ilə nəticələnib. Xarici qüvvələrlə qarşıdurmalar, sərt dini qaydalar və davamlı müharibələr ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Aclıq, epidemiyalar və hərbi toqquşmalar əhali arasında böyük itkilərə səbəb olub. Bu hadisələr dini iddialar əsasında qurulan hakimiyyətin müharibə və böhranlarla birləşdikdə cəmiyyət üçün nə qədər ağır nəticələr doğura biləcəyini göstərir.


Bu gün də oxşar problemlərlə qarşılaşırıq. Əfqanıstanda “Taliban” hakimiyyətinin qadınların təhsil almasına və ictimai həyatda iştirakına sərt məhdudiyyətlər qoyması, tarixi-mədəni irsə zərər vuran addımlar atması, İranda isə dini qaydaların dövlət siyasətinin əsasına çevrilməsi cəmiyyətlərdə ciddi sosial və siyasi problemlərə yol açır. Zaman dəyişir, şərait dəyişir, amma dini hakimiyyətin dövlət idarəçiliyinə hakim olması ilə bağlı risklər qalır.


Tarix dəfələrlə göstərib ki, din şəxsi inanc çərçivəsindən çıxaraq dövlət idarəçiliyinin əsas vasitəsinə çevriləndə azad düşüncə, insan hüquqları və ictimai inkişaf ciddi təhlükə ilə üzləşir. İlahi ədalət adından çıxış edən, hakimiyyətini dini ehkamlarla əsaslandıran rejimlər isə çox vaxt xalqlarına rifah və azadlıq əvəzinə məhdudiyyətlər, böhranlar və ağır insan itkiləri gətirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər