Tərəvəz nitratları demensiya riskini azaldır

Sosial

28.01.2026 19:10

Tərəvəzlərdən alınan nitratların demensiya riskini azaltdığı, içməli su və emal olunmuş ət məhsullarından qəbul edilən nitratların isə bu riski artırdığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu nəticələr Avstraliyanın Edit Kouen Universitetinin alimləri tərəfindən aparılan araşdırmada ortaya çıxıb.

Tədqiqatın nəticələri "Alzheimer’s & Dementia" (A&D) elmi jurnalında dərc olunub.

Araşdırmada 54 mindən çox yetkin insan iştirak edib və onların sağlamlıq vəziyyəti təxminən 30 il ərzində izlənilib. Könüllülərin qida rasionu, xüsusilə nitrat və nitritlərin (azot turşusunun duzları) qəbulu təhlil olunub. Alimlər qeyd ediblər ki, bu maddələr az miqdarda qəbul edildikdə zəhərli hesab olunmur və insan orqanizmi üçün təhlükə yaratmır.

Lakin həddindən artıq qəbul zamanı nitrat və nitritlər hemoglobinlə qarşılıqlı təsirə girərək oksigen daşımaq qabiliyyəti olmayan methemoqlobin əmələ gətirir. Bu da qanın oksigen tutumunun azalmasına və hipoksiyanın – oksigen aclığının yaranmasına səbəb olur. Eyni zamanda bağırsaqlarda nitrat və nitritlərin yığılması kanserogen birləşmələrin formalaşmasını sürətləndirə bilər.

Tədqiqatın nəticələrinə əsasən, nitratları əsasən tərəvəzlərdən alan insanlarda demensiya halları daha az qeydə alınıb. Əksinə, nitratların əsas mənbəyi içməli su, eləcə də ət və digər heyvan mənşəli məhsullar olan şəxslərdə koqnitiv pozuntuların riski daha yüksək olub. Xüsusilə içməli su ilə bağlı əlaqə daha güclü olub — risk hətta mövcud sanitariya normalarından aşağı nitrat səviyyələrində belə artıb.

Alimlər bunu tərəvəzlərin tərkibində olan antioksidantlar və vitaminlərlə izah edirlər. Bu maddələr nitratların beyin qan dövranını və damar sağlamlığını dəstəkləyən azot oksidinə çevrilməsinə kömək edir. İçməli suda isə bu cür qoruyucu komponentlər yoxdur, emal olunmuş ət məhsullarında isə potensial zərərli birləşmələrin yaranmasını gücləndirən maddələr mövcuddur.

Qeyd edək ki, bundan əvvəl artıq çəkinin beyin sağlamlığı üçün gözlənilməz təhlükə yaratdığı da müəyyən edilmişdi.

Qiymət Mahir

tag: Alim,Tərəvəz,Təhlükə,Demansiya,Todaypress.tv,