Tarixi oyun öncəsi “Sabah”ın şansları necə qiymətləndirilir?
İngiltərənin tanınmış “Football Whispers” nəşri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Sabah” - “Borussiya Dortmund” qarşılaşması ilə bağlı proqnozunu bölüşüb.
TodayPress TV “İdman.Biz”ə istinadən xəbər verir ki, nəşrin eksperti Marvellous Adepoju Bakı təmsilçisinin son oyunlardakı uğurlu seriyasını, o cümlədən son 5 matçda məğlub olmadığını və Praqa “Slaviya”sı üzərində qazanılan tarixi qələbəni xüsusi vurğulayıb.
Təhlildə “Sabah”ın ardıcıl 3 qarşılaşmada qapısını toxunulmaz saxlaması və hücumdakı məhsuldar oyunu müsbət amillər kimi qeyd edilib.
Almaniya təmsilçisinin hazırkı durumu da diqqətdən kənarda qalmayıb. “Borussiya Dortmund”un ardıcıl 3 matçda qələbə qazana bilməməsi və son 2 oyunda qol vurmaması Azərbaycan çempionunun əlini gücləndirən məqamlar kimi qiymətləndirilib.
Bununla belə, ekspert almanların daha üstün heyətə və Çempionlar Liqasında zəngin təcrübəyə malik olduğunu xatırladıb.
“Football Whispers” matçın yekununda qonaq komandanın 3:1 hesablı qələbə qazanacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Borussiya Dortmund” qarşılaşması bu gün saat 20:45-də başlayacaq.
Namiq HUN