Rozmarin kimyaterapiyanın beyin təsirlərini azalda bilər

Sosial

28.01.2026 19:40

Rozmarin ekstraktının kimyaterapiya fonunda yaranan yaddaş və diqqət pozuntularını zəiflədə biləcəyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, Misirin Ayn-Şams Universitetinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.

Tədqiqatda siçovullarda onkoloji müalicədə geniş istifadə edilən və nevroloji yan təsirləri ilə tanınan oksaliplatin preparatı vasitəsilə koqnitiv pozuntular yaradılıb, daha sonra heyvanlara rozmarin ekstraktı verilib.

Araşdırma göstərib ki, rozmarin həm adi ekstrakt, həm də bioloji mənimsənilməni artıran nano-hissəcik formasında hippokampın zədələnməsini azaldır. Bu isə yaddaş, davranış və diqqət qabiliyyətinin qorunmasına müsbət təsir göstərir. Biokimyəvi analizlər rozmarinin sinir toxumasında antioksidant müdafiəni bərpa etdiyini, iltihabı azaltdığını və neyronların məhvi ilə bağlı mexanizmləri zəiflətdiyini üzə çıxarıb. Eyni zamanda beynin strukturu və funksiyaları üçün vacib olan "Wnt/β-katen"in siqnal yolunun aktivləşdiyi qeyd edilib.

Alimlər xüsusilə vurğulayıblar ki, rozmarin oksaliplatinin şiş əleyhinə təsirini azaltmayıb, bu da onun gələcəkdə köməkçi vasitə kimi istifadəsi baxımından önəmlidir. Hələlik nəticələr yalnız heyvanlar üzərində əldə edilsə də, tədqiqat qida bitkilərinin xərçəng müalicəsinin nevroloji yan təsirlərini azaltmaq potensialına malik olduğunu göstərir.

Qiymət Mahir

tag: Rozmarin ,Kimyaterapiya ,Araşdırma ,Tədqiqat,Todaypress.tv,