Pensiyalar 9,3% artırıldı: 1,1 milyon vətəndaşa əlavə dəstək

Sosial

10.02.2026 10:20

“Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır. Bu, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir”.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.

Nazir müavini Sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə  artırıldığını qeyd edib. 

O bildirib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.

Rəşad Mustafayevin sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Mustafayev,Pensiya,Artım,ƏƏSMN,Todaypress.tv,