Nazir müavini: “Pensiya təminatında son illərin ən ciddi artımı var”

Sosial

10.02.2026 10:51

“Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-ci ildən etibarən icra olunan 5 sosial islahat paketi pensiya təminatında ciddi irəliləyişlərə imkan verib. Bu islahatlar nəticəsində minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb”.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

Nazir müavini qeyd edib ki, 2026-cı il üçün pensiyaların maliyyələşdirilməsi məqsədilə 7 milyard 993 milyon manat vəsait nəzərdə tutulub. Bu göstərici 2018-ci illə müqayisədə pensiya xərclərinin 2,3 dəfə artdığını təsdiqləyir.

Rəşad Mustafayev yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının istehlak qiymətləri indeksinin ötən il üzrə səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını da diqqətə çatdırıb. Bildirilib ki, pensiya kapitallarının indeksləşdirilməsi də proaktiv qaydada, e-sistem üzərindən avtomatik həyata keçirilir.

Nazir müavini vurğulayıb ki, pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışan və sosial sığorta sistemində fəal iştirak edən şəxslər üçün mühüm stimuldur. Bu mexanizm vətəndaşlara pensiya kapitallarının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda dövlət dəstəyi ilə də artırıldığını göstərir.

O, qeyri-formal məşğulluq sahəsində çalışan vətəndaşları da əmək fəaliyyətlərini rəsmiləşdirməyə çağırıb. Bildirilib ki, bu, onların fərdi pensiya kapitallarına malik olmalarına, hər il dövlət tərəfindən indeksasiya imkanından faydalanmalarına və gələcəkdə pensiya təminatı hüququ qazanmalarına şərait yaradır.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Mustafayev,Pensiya,Artım,ƏƏSMN,Todaypress.tv,