DSMF-nin 2025 hesabatı: Sosial ödənişlər necə dəyişdi?

Sosial

15.01.2026 12:05

“2025-ci ildən etibarən pensiya, sosial müavinət və təqaüdlər üzrə əsas artımlar tətbiq olunub”.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib. 

O bildirib ki, minimum aylıq əməkhaqqı 1 yanvar 2025-ci ildən 16 faiz artırılaraq 400 manata, minimum pensiya isə 1 fevral 2025-ci ildən 14,3 faiz artırılaraq 320 manata çatdırılıb. Əmək pensiyalarının illik indeksləşdirilməsi 8,1 faiz təşkil edib və bu məqsədlə əlavə 520 milyon manat vəsait ayrılıb.

Sədrin sözlərinə görə, 1 iyuldan sosial müavinət və təqaüdlərdə artım orta hesabla 12 faiz təşkil edib, əlilliyə görə müavinətlər 150–300 manat aralığında müəyyənləşdirilib. Beş və daha çox uşağı olan analara hər uşağa görə ödənilən müavinət 33,3 faiz artırılaraq 140 manata, bir yaşadək uşağı olan aztəminatlı ailələr üçün müavinət isə 40 faiz artırılıb. Himayədar ailələrdə olan əlilliyi olan uşaqlara görə ödənişlər 6 yaşadək uşaqlar üzrə 27 faiz, 13 yaşadək uşaqlar üzrə 45 faiz, 18 yaşadək uşaqlar üzrə isə 49 faiz yüksəlib.

Qiymət Mahir

TodayPress TV

tag: DSMF,Zəka Mirzəyev,Tədbir,Çıxış,Todaypress.tv,