Cahid Mikayılov: "Enerji səmərəliliyi ən ucuz və ən təmiz enerji mənbəyidir"

Sosial

10.02.2026 11:48

"Azərbaycanın enerji siyasətinin əsas prioritet istiqamətlərindən biri enerji səmərəliliyidir".

TodayPress TV xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Merlər Razılaşması Təşəbbüsü ilə bağlı tədbirdə deyib. 

Onun sözlərinə görə, enerji səmərəliliyi yalnız texniki məsələ deyil, eyni zamanda iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və iqlim öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Biz tez-tez vurğulayırıq ki, enerji səmərəliliyi ən ucuz bərpa olunan enerji mənbəyidir. Ən təmiz və ən yaşıl enerji qənaət edilən enerjidir. Yaşıl enerjidən istifadənin inkişafı Azərbaycanın 2030-cu ilə qədər milli prioritetləri sırasındadır və enerji səmərəliliyi bu prioritetlərin praktiki icrasının əsas alətlərindən biridir".

Nazirlik rəsmisi qeyd edib ki, 2021-ci ildə ölkədə enerji effektivliyi haqqında qanun qəbul olunub və sonrakı mərhələdə bu qanunun icrası ilə bağlı 13 alt normativ-hüquqi akt imzalanıb. Artıq bu hüquqi baza real nəticələr verməkdədir.

Hazırda 1000 ton neft ekvivalentindən yuxarı enerji istehlak edən təsərrüfat subyektləri və 250 ton neft ekvivalentindən yuxarı enerji istehlak edən binalar üçün enerji idarəçisinin təyin olunması və məcburi enerji auditindən keçilməsi tələb olunur:

"Nazirliyin iştirakı ilə indiyədək 50-dən artıq subyektdə attestasiyalar keçirilib.

Eyni zamanda enerji auditoru peşəsinə marağın artdığı bildirilib. Enerji Effektivliyi Fondu təsis olunub ki, bu da bazarın formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilir".

Cahid Mikayılov vurğulayıb ki, yerli özünüidarəetmə orqanlarının enerji səmərəliliyi sahəsində rolu xüsusi əhəmiyyət daşıyır və bu baxımdan Merlər Razılaşması təşəbbüsü bələdiyyələr üçün vacib platformadır. Hazırda Azərbaycanda 10 bələdiyyə bu təşəbbüsə qoşulub və bir sıra fəaliyyət planları artıq icra mərhələsindədir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cahid Mikayılov,Energetika ,Tədbir,Çıxış,Todaypress.tv,