2 ay, 3 ay, 4 ay... İstintaq müddəti hansı hallarda uzadılır?

2 ay, 3 ay, 4 ay... İstintaq müddəti hansı hallarda uzadılır?
15.09.2026 17:07 Sosial

Azərbaycan Respublikasında qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, cinayət işləri üzrə ibtidai istintaqın aparılması müəyyən olunmuş dəqiq vaxt çərçivəsində həyata keçirilir. Lakin işin xarakteri, mürəkkəbliyi və ya epizodların çoxluğundan asılı olaraq bu müddətlərin uzadılması zərurəti yarana bilər.

Bəs hüquqi müstəvidə bu proses necə tənzimlənir və hansı son hədlər mövcuddur?

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən “Polisə Dəstək” İctimai Birliyinin sədri, kriminalist Şəmsəddin Əliyev ibtidai istintaq müddətlərinin müəyyən edilməsi və uzadılması qaydalarını ətraflı şərh edib.


Kriminalist bildirib ki, qanunvericilikdə hər bir cinayət kateqoriyası üzrə ilkin istintaq vaxtı aydın göstərilib:

"Ümumiyyətlə, respublikada qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin 218-ci maddəsinin tələbinə görə istintaqın müddəti müəyyən edilir və bəzi hallarda uzadıla bilər. Məsələn, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə istintaq müddəti 2 aydır. Əgər bu 2 aylıq müddət kifayət etmirsə, təbii ki, nəzarət edən prokurorun vasitəsilə müddət uzadıla bilər. Bu müddət bir dəfə, iki dəfə uzadıla bilər, amma mütləq deyil.

Ola bilər ki, müstəntiq iş üzrə heç bir hərəkət etməsin və istintaq müddətinin bitdiyini sonradan görsün. Daha sonra prokurorun yanına müraciət edərək istintaq müddətinin uzadılmasını istəsin. Prokuror cinayət işinə baxıb görsə ki, ümumiyyətlə, heç bir iş görülməyib, işi həmin müstəntiqdən alaraq başqa müstəntiqə verə bilər. Ona görə də az ağır cinayətlərlə bağlı cinayət işi başlanan andan, yəni müstəntiq işi icraatına götürdüyü və cinayət işi üzrə nömrə aldığı gündən etibarən istintaq müddəti hesablanır və bu müddət 2 aydır. Ağır cinayətlər üzrə istintaq müddəti ən çox 3 aydır. Yəni 3 aylıq müddət müəyyən edilir. Daha ağır, xüsusilə ağır cinayətlər üzrə isə istintaq müddəti 4 aydır. Bu, Cinayət-Prosessual Məcəllənin 218-ci maddəsinə əsasən müəyyən edilib".

Şəmsəddin Əliyev vurğulayıb ki, ağır və xüsusilə ağır cinayətlərdə müddətin uzadılması daha ciddi prosedurlar tələb edir:

"Yenə deyirəm, əgər ağır və xüsusilə ağır cinayətlər üzrə istintaqa ayrılan müddət kifayət etmirsə, bu halda müddət iki dəfə nəzarət edən prokuror tərəfindən, üçüncü dəfə isə artıq Baş Prokurorluq, yəni Baş prokuror tərəfindən uzadılmalıdır. Bu da kifayət qədər çətin məsələdir. Lakin işin mürəkkəbliyi, çoxsaylı epizodların olması və daha çox prosessual araşdırmaların aparılmasına ehtiyac yaranması mümkündür. Müstəntiqin əsaslandırılmış vəsatəti olarsa, bu halda müddət uzadıla bilər".

Sədr xüsusi olaraq qeyd edib ki, qanunvericilik tərəfindən müəyyən olunmuş maksimum uzadılma hədlərini aşmaq qadağandır:

"Bununla belə, qanunvericilik hər bir hal üçün son müddət müəyyən etdiyindən istintaq müddətinin bütün uzadılmaları həmin müddətə daxil olmaqla, hər bir halda müəyyən edilmiş hədlərdən çox ola bilməz. Məsələn, 2 aylıq müddət kifayət etməzsə, maksimum müddət 6 aya qədər uzadıla bilər. Az ağır cinayətlər üzrə isə bu müddət 10 aya qədərdir. Ağır cinayətlər üzrə 3 aydan 13 aya qədər uzatmaq mümkündür. Xüsusilə ağır cinayətlər üzrə isə müddət 1 ildən çox, yəni 19 aydan çox olmayan müddətə qədər uzadıla bilər. Bundan artıq müddət müəyyən edilə bilməz".

Şəmsəddin Əliyev son müddətlər çatdıqda atılan hüquqi addımlara da diqqət çəkib:

"Əgər bu müddətlər də kifayət etməzsə, bu halda müstəntiq öz qərarı ilə istintaqı dayandırır və prokurora məruzə edir. Eyni zamanda, tabelik qaydasında öz rəhbərinə və prokurora məlumat verir. Bundan sonra hansı addımların atılacağı və hansı tapşırıqların veriləcəyi konkret vəziyyətdən asılı olur. Ümumiyyətlə, çoxepizodlu, ağır və xüsusilə ağır cinayətlərlə bağlı işlərdə istintaq müddəti 6 ay, 10 ay, 13 ay və 19 aydan artıq uzadıla bilməz", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər