"Qaziyəm" deyib "Bravo"nun Parkinqində pul yığan şəxs hansı qurumun əməkdaşıdır ? - AÇIQLAMA

"Qaziyəm" deyib "Bravo"nun  Parkinqində pul yığan şəxs hansı qurumun əməkdaşıdır ? - AÇIQLAMA
15.09.2026 14:12 Sosial

Paytaxtda Azadlıq metrosu yaxınlığında, Süleyman Sani Axundov küçəsində yerləşən “Bravo” mağazasının qarşısındakı parkinq ərazisində avtomobil saxlayan vətəndaşlardan ödəniş tələb edilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətçinin sözlərinə görə, ərazidə sarı gödəkçə geyinmiş bir şəxs avtomobil saxlayan sürücülərdən kobud şəkildə pul tələb edib və toplanan vəsaitin şəhid ailələrinə yardım məqsədilə toplandığını bildirib.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı “Bravo” mağazalar şəbəkəsinə ünvanladığımız sorğuya cavab olaraq həmin şəxsin mağaza ilə heç bir əlaqəsinin olmadığı bildirilib.

“Daxil olan müraciətlə bağlı məsələni dəqiqləşdirdik. Həmin şəxs bizim əməkdaşımız deyil və onun “Bravo”ya heç bir aidiyyəti yoxdur. Məlum olub ki, o, Qarabağ əlilləri ilə bağlı qurumlardan biri tərəfindən işlə təmin olunmaq məqsədilə həmin əraziyə yönləndirilib. Biz artıq həmin birliyə də rəsmi bildiriş etmişik ki, nümayəndələrinin mağazamızın qarşısında durması və bu formada fəaliyyət göstərməsi bizim üçün qəbuledilməzdir”.

Şirkətin nümayəndəsi qeyd edib ki, bundan əvvəl də həmin təşkilatın başqa bir nümayəndəsi ərazidə olub və müştərilərlə hər hansı narazılıq yaşanmayıb. Lakin sonradan həmin şəxs dəyişdirilib. Şikayət daxil olduqdan sonra isə dərhal tədbir görülərək sözügedən şəxs mağazanın parkinq ərazisindən kənarlaşdırılıb.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də sorğu ünvanlanıb.

Jalə Rövşən
TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər