Rusiya dronları Zelenskinin olduğu təyyarənin arxasınca düşdülər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son həftələr ərzində onun olduğu təyyarəyə iki dəfə dronlarla hücum etməyə çalışdığını bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, prezident təyyarəsi Moldovada olarkən Rusiyanın dron hücumları həyata keçirilib. Zelenski bildirib ki, Ukraynaya qayıdarkən təyyarə yenidən Kişinyov üzərindən keçib və həmin vaxt da oxşar hadisə baş verib.
Zelenski həmçinin Polşa sərhədi yaxınlığında qatarın partladılması ilə bağlı hadisəyə münasibət bildirib. O, Rusiyanın həmin qatarda ABŞ və Avropadan olan rəsmilərin olduğunu bilə-bilə hücum etmiş ola biləcəyini istisna etməyib.
“Bəlkə də orada bəzi amerikalıların olduğunu bilmirdilər, bəlkə də əksinə, bilirdilər. Mən Rusiyaya etibar etmirəm. Düşünürəm ki, onlar bunu bilirdilər. Məhz buna görə qatarda avropalılar, amerikalılar və böyük nümayəndə heyəti olduğu halda hücum etdilər”, - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəsin hazırda qüvvədə olmadığını da deyib.
“Putin danışıqların necə aparılmalı olduğunu nə qəbul edir, nə görür, nə də anlayır. Buna görə də biz cavab veririk. Biz heç vaxt ilk hücumu etmirik”, - deyə o əlavə edib.
Kübra Musayeva