Paşinyan seçkilərə qədər kilsə məsələsində gərginliyi saxlayacaq? - RƏY
Siyasət
27.01.2026 14:32
Erməni siyasi strateq Vigen Akopyana görə, Paşinyan seçkilərə qədər Erməni Apostol Kilsəsi ilə qarşıdurmanı əsas gündəm kimi saxlayacaq.
Bəs Paşinyanın kilsə ilə qarşıdurmanı seçki gündəminə çevirməsi nə dərəcədə effektiv və riskli ola bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Paşinyan gənclərin dəstəyini qazanıb:

"Bu, əslində normaldır. Akopyanın dediyi kimidir. Çünki Nikol Paşinyan gördü ki, kilsə ilə mübarizədə istədiyi dəstəyi qazana bilir. Hazırda Paşinyanın əsas dəstəkləyici qüvvəsi iri şəhərlərin sakinləridir. Xüsusilə İrəvanda onun reytinqi yüksəkdir, əsasən gənclər arasında".
Onun sözlərinə görə, bu, həmin insanların köhnəliyə qarşı çıxması ilə bağlıdır. Mühafizəkar dairələr müharibə istəmir və eyni zamanda kilsə – Erməni Apostol Kilsəsi – Ermənistanda qədimdən revanşizmin əsas dayağı hesab edilir. Kilsə erməni diasporu ilə birlikdə revanşizmin əsas dəstəkləyici qüvvəsi kimi fəaliyyət göstərib:
"Ermənistandakı gənclər isə Paşinyanın mübarizəsini həm revanşizmə qarşı mübarizə, həm də antimüharibə siyasəti kimi qiymətləndirir və dəstəkləyirlər. Paşinyanın əsas üstünlüyü Qarabağ klanı – Köçəryan, Sarkisyan, Ohanyan üçlüyünü kilsə ilə birləşdirməsi məsələsində ortaya çıxır".
Analitik qeyd edib ki, faktiki olaraq, Ermənistan cəmiyyətinə və hakimiyyətinə – Vətəndaş Müqaviləsi Partiyasına – Paşinyan bu prosesi həm antimüharibə ritorikası, həm də keçmiş hakimiyyətə qarşı çıxış kimi təqdim edir.
Politoloq vurğulayıb ki, bu siyasət seçkilərdə davam edəcək:
"Paşinyan maraqlıdır ki, Ermənistan cəmiyyəti bu məsələdə parçalanaraq onun istədiyi səsi təmin etsin. O bilir ki, insanların əksəriyyəti məhz bu mübarizəyə görə onu dəstəkləyir və buna görə açıq şəkildə qarşıdurmanın yaranmasında maraqlıdır".
Z.Əmrəliyev əlavə edib ki, Paşinyan Rusiya təsirinə qarşı çıxış edərək seçiciləri öz tərəfinə çağırır:
"Eyni zamanda o, antirus yönümlü kampaniyanı da davam etdirir. Məsələn, Samvel Karapetyanın Rusiyanın təsiri ilə Ermənistana göndərilməsi və siyasi fəaliyyətə başlaması Paşinyan tərəfindən belə təqdim edilir:
“O vurğulayır ki, əgər keçmişə qayıtmaq, Ermənistanı yenidən Rusiyanın forpostuna çevirmək, kilsənin cəmiyyətdə dominantlığını artırmaq və Köçəryan-Sarkisyan rejiminin hakimiyyətə qayıtmasını istəmirsinizsə, bizə səs verməlisiniz".
Analitikin qənaətincə, seçkilər bu atmosferdə keçiriləcək və Paşinyan cəmiyyətin parçalanmasında maraqlıdır. Akopyanın dediklərində isə həqiqət var.
Jalə Rövşən
tag: Zeynal Əmirəliyev,Politoloq,Paşinyan,Kilsə,Todaypress.tv,
